ABŞ Prezidenti Donald Trampın olduğu təyyarə ilə bağlı baş verən hadisə narahatlığa səbəb olub. Məlumata görə, Türkiyədən Böyük Britaniyaya uçuş zamanı təhlükəsizliklə bağlı yaranan risk səbəbindən Trampın təyyarəsinin marşrutu və uçuş planında dəyişiklik edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Trampın Türkiyədə keçirilən NATO sammitindən sonra ölkəni tərk etməsi zamanı mümkün təhlükə ilə bağlı ciddi narahatlıq yaranıb. ABŞ Məxfi Xidməti prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə onu əvvəlcə mindiyi prezident təyyarəsindən gizli şəkildə başqa hərbi təyyarəyə keçirib.

Bildirilir ki, Tramp və bir neçə köməkçisi hava limanında iaşə xidməti üçün istifadə olunan yük maşınının köməyi ilə təyyarəni dəyişiblər. Bu zaman jurnalistlər və Ağ Ev əməkdaşlarının bir hissəsi prezidentin əvvəlki təyyarədə olduğunu düşünüblər. Beləliklə, köhnə prezident təyyarəsi diqqəti yayındırmaq məqsədilə istifadə olunub.

Məlumatlara əsasən, qərara səbəb İrandan qaynaqlanan mümkün sui-qəsd təhlükəsi olub. Təhlükəsizlik qurumları prezidentin olduğu təyyarənin çiyindən atılan raketlə hədəfə alına biləcəyindən ehtiyat ediblər.

Ağ Ev isə Qətər tərəfindən ABŞ-yə hədiyyə edilən yeni təyyarənin təhlükəsizliyi ilə bağlı yayılan narahatlıqlara münasibət bildirərək onun prezidentin və əməkdaşlarının təhlükəsizliyini təmin edən yüksək səviyyəli mühafizə sistemləri ilə təchiz olunduğunu açıqlayıb.