Natəvan Məmmədova: "Doing Business" hesabatı Azərbaycanın iqtisadi potensialının tanıdılmasına yardım edir"

Natəvan Məmmədova: "Doing Business" hesabatı Azərbaycanın iqtisadi potensialının tanıdılmasına yardım edir"
11:52 22 Oktyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

“Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur”.
Bunu “Report”a açıqlamasında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) icraçı direktoru Natəvan Məmmədova deyib.
O, bu barədə Azərbaycanın sözügedən hesabatda ən islahatçı 20 ölkə sırasına daxil edilməsinə münasibət bildirərkən danışıb.
“Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Bu baxımdan “Doing Business” hesabatı həm dövlət, həm də sahibkar və xüsusən də investisiya həyata keçirmək niyyətində olan iş adamları üçün vacibdir. Çünki onlar investisiya qərarları verən zaman bir neçə mühüm hesabata diqqət ayırırlar ki, həmin hesabatların ən vaciblərindən biri də məhz bu hesabatdır. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim olunmasına yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur”, - deyə “AmCham” rəsmisi qeyd edib.
N.Məmmədovanın sözlərinə görə, vergi sahəsində aparılan islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması və biznes qurulması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılmasına xidmət edir: “Bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi yükünü azaltmağa imkan verən əsaslı güzəştlər sistemi tətbiq edilib. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2%-ə salınıb, muzdlu işdə çalışan işçilər üzrə 8 000 manata qədər əmək haqlarının gəlir vergisindən azad edilməsi, habelə mikrosahibkarlıq subyektlərinə gəlirlərini 75%-ə qədər azaltmağa imkan verən ciddi vergi güzəştləri təqdim olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə vergi stimullaşdırmaları və güzəştlər müəyyən edilib. Vergi islahatları qeyri-neft sektorunun inkişafı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və ölkə iqtisadiyyatının şəffaflaşdırılmasına müsbət töhfə verməkdədir”.

Natəvan Məmmədova

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova

“Ölkəmizin “Doing Business” hesabatındakı reytinqi növbəti investisiya layihələrinin cəlb edilməsinə və yerli biznes mühitinin daha da inkişaf etməsinə təkan verəcək”
İcraçı direktor Azərbaycanın maliyyə sektorunda aparılan islahatlara da münasibət bildirib: “Bu islahatlar olduqca əhəmiyyətli xarakterə malikdir. Belə ki, hökumət ötən il problemli kreditlərin həlli istiqamətində böyük təşəbbüs həyata keçirib. Hazırda fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi artmaqda davam edir. Təbii ki, bu sahədə islahatlar davam etməli, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə imkanlarına çıxışı təmin edilməlidir”.
Bundan başqa, onun sözlərinə görə, 2012-ci ildə vətəndaşlarla dövlət qulluqçuları arasında təmasları azaldan, habelə ölkədə dövlət xidmətlərinin göstərilməsinə mane olan kiçikmiqyaslı korrupsiyanı minimuma endirən “ASAN Xidmət” istifadəyə verilib: “ASAN Xidmət” bu gün də vətəndaşlara dövlət xidmətlərinin uğurlu formada göstərilməsində və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında olduqca yüksək rola malikdir. “ASAN Xidmət” tərəfindən idarə edilən elektron viza sistemi ölkəmizdə turizmin inkişafına da əhəmiyyətli təkan verib. Təsadüfi deyildir ki, Azərbaycan brendi olan “ASAN xidmət” modeli korrupsiyanın qarşısının alınması üzrə beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir”.
“Dövlət xidmətlərinin göstərilməsinin müxtəlif sahələrində vahid pəncərə sisteminin yaradılması sahibkarlıq sektorundaki əngəllərin aradan qaldırılmasına şərait yaradır. Bu sahədə müasir texnologiyaların tətbiqi ilə biznes üçün qəbul edilə biləcək şəraitin yaradılmasının texniki imkanları da artmaqdadır. Düşünürəm ki, aparılan islahatlar və ölkəmizin “Doing Business” hesabatındakı reytinqi ölkəyə növbəti investisiya layihələrinin cəlb edilməsinə və Azərbaycanda biznes mühitinin daha da inkişaf etməsinə təkan verəcək. Bu islahatlar, həmçinin, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorun payının artırılmasına da kömək edəcək. Həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı və innovativ iqtisadi sistemin formalaşdırılmasında böyük rol oynayacaq, o cümlədən, ölkəmizin iqtisadi azadlıq səviyyəsini yüksəldəcək”, - deyə N.Məmmədova əlavə edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/natevan-memmedova-doing-business-hesabati-haqqinda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR