Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsinin bu ilki iş planına uyğun olaraq Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən “Azneft” İstehsalat Birliyinin tabeliyindəki neft-qaz yataqlarında cari ilin aprelindən başlanılan mövsümi ekoloji monitorinq işləri davam etdirilir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Abşeronneft” neft və qazçıxarma idarəsinin “Abşeron bankəsi” və “Gürgan dəniz” yataqlarında keçirilən növbəti monitorinq zamanı seçilmiş stansiyalardan, dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri, o cümlədən suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrlərinin təyin edilməsi üçün nümunələr götürülüb. Kompleks analitik, o cümlədən, mikrobioloji təhlillər üçün hər bir stansiyadan götürülən su, dib, bentos, plankton nümunələri analiz olunması üçün kompleks tədqiqatlar laboratoriyasına təhvil verilib. Bu təhlillərin nəticəsi əsasında çirklənmənin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair təkliflər paketi və yataqlar üzrə hesabatlar hazırlanacaq. Ekoloji monitorinqlər digər yataqlarda da davam etdiriləcək.