Azay Quliyev SƏLİS-i təqdim etdi - FOTO

Azay Quliyev SƏLİS-i təqdim etdi - FOTO
14:43 30 Oktyabr 2019
152 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi barədə məlumat verərək, SƏLİS-in vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiq olduğunu bildirib.

“SƏLİS-i yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin, dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidmət istifadəyə verilib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib”, - A.Quliyev bildirib.

Şuranın sədri onu da qeyd edib ki, artıq müsabiqə qaydalarında dəyişiklik etmək istəyirlər:

“İxtisaslaşmış sahələr üzrə dövlət qurumlarını qrant müsabiqələrində qalibləri birgə müəyyən etməyə dəvət edəcəyik. Hesab edirəm ki, bu, gələcəkdə müxtəlif sahələr üzrə problemlərin həllinə böyük töhfə verəcək. Təklif edirik ki, yaxın dövrdə İnternet bankçılıq sistemi yaradılsın. Artıq banklarla danışmışıq, QHT layihələr üzrə bütün əməliyyatlar elektron formada həyata keçiriləcək. Qrant müqavilələri və bildirişlərdən tutmuş sənədlərlə bağlı əməliyyatlar vahid idarəetmə ilə ağıllı telefonlar vasitəsi ilə həyata keçiriləcək”.

Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib ki, insan cəmiyyəti hər zaman inkişafa meyillidir:

“Bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir. SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olmuşam. QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron apellyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir”.

B.Muradova söyləyib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır, əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-lərin xidmət göstərmələridir. QHT Şurasının SƏLİS layihəsi vasitəsilə bütün donor təşkilatları cəlb edilərək ideyaların irəli sürülməsi, layihələrin yazılması, maliyyənin ayrılması, xərclənməsi, apellyasiyadan keçməsi məsələləri vətəndaşların diqqət və nəzarəti altında olacaq. Vətəndaş cəmiyyəti qurumları, problemlərin həllini öz üzərinə götürən insanlar məsuliyyəti özləri daşıyacaq.

Hesab edirəm ki, bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməlidir. Layihənin xüsusilə də ATƏT-də təqdimatının keçirilməsini təklif edirəm”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə QHT-lərə Dövlət Dəstəyi Şurasının xidmətlərini vahid elektron idarəetmə sistemi formasında həyata keçirməsinin təqdirə layiq olduğunu bildirib:

“Biz də ASAN Xidmət olaraq həvəslə çalışdıq ki, bizə verilən texniki tapşırıq əsasında bu sistemi faydalı iş sisteminə çevirə bilək.

Təqdimatdan da şahidi olduq ki, bütün proseslər tam avtomatlaşdırılıb.

Tamamilə avtomatlaşdırılmış sistem vətəndaş cəmiyyət institutlarına, dövlətə mühüm töhfə verir. Bu, xidmət alan vətəndaşların sonda operativ və şəffaf qaydada xidmətdən yararlanmasına gətirib çıxarır.

Burada tamamilə şəffaflıq təmin olunur. Sistemdən istifadə etməyən vətəndaşlar, araşdırmaçı jurnalistlər belə bu sistemə daxil olub vətəndaş platforması vasitəsi ilə bütün prosesi izləyə bilər, dataları əldə edə bilər.

Şura bu sistem vasitəsi ilə nəticə yönümlü və data əsaslı idarəetməsini təmin edə bilir. Bu gün idarəetmə data yönəlik və data əsaslı olur. Bu, idarə edən tərəfə imkan verir ki, fəaliyyətinin nəticəsini qabaqcadan izləyə bilsin, riskləri düzgün müəyyən etsin və ona uyğun adaptiv idarəetmətini tətbiq edə bilsin.

Bunun nəticəsində qabaqcadan ortayan çıxa bilən problemləri neytrallaşdırmağa imkanı əldə edə bilir. SƏLİS müasir idarəetməyə uyğun sistemdir”.

Sonda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı addımları BMT-nin alqışladığını qeyd edib:

“SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, SƏLİS qarşıdakı 1 il müddətində özünü doğruldacaq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR