Cənubi Koreyada bir cənazə ləvazimatları şirkətinin yeddi il əvvəl başlatdığı "canlı cənazə" terapiyası seanslarına bu günə qədər 25 mindən çox insanın qatıldığı bildirilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, seanslara qatılanlar "həyatın dəyərini anlamaq" üçün kəfən geyərək 10 dəqiqəlik müddətlə tabutun içinə girir. Paytaxt Seulda təşkil olunan seanslara yeniyetməklik dövründəki uşaqlar daxiil olmaqla hər yaşdan insanların maraq göstərdiyi bildirilir. Bu seanslara qatılanlardan biri olan Choi Jin-kyu adlı universitet tələbəsi bu seanslardan sonra həyata fərqli bir gözlə baxmağa başladığını deyib.
Seanslara qatılanlar tabutların yanına vəsiyyətlərini və cənazə mərasimlərində aparılacaq fotolarını da qoyurlar.
Mərkəzin başçısı Yeong Yongmun ödənişsiz keçirilən seansların iştirakçılarına "həyatlarının dəyərini bilmə, əfv etmə və ətrafla barışma fürsəti" təqdim etdiyini bildirib.
O, "İnsanların ailə üzvlərinin cənazələrində hər şeyi unudub, necə barışdıqlarını görürük. Amma insanların üzləşməsi üçün bu qədər gözləməsi kədərlidir. Tez bir zamanda bununla üzləşib və üzr istəyib, həyatımızın qalan hissəsini xoşbəxt yaşamaq üçün bu təcrübə əhəmiyyətlidir" sözlərini deyib.