Panik atakla eşq yaşayan fotoqraf, 20 saniyəlik ölüm və... - Bu bəladan NECƏ QURTULMALI? (ARAŞDIRMA)

Panik atakla eşq yaşayan fotoqraf, 20 saniyəlik ölüm və... - Bu bəladan NECƏ QURTULMALI? (ARAŞDIRMA)
16:08 8 Noyabr 2019
120 Digər
Ölkə mətbuatı
A- A+

Gecənin bir yorğun vaxtı var. Elə şirin yatır ki, top atsan da oyanmaz. Bəlkə də yarım saniyədən çox çəkmir, amma o məqamda canınla əlləşmək ayrı cəhənnəmdir. Quru bədənin əlində qalırsan ki, nəfəsin dayanmasın. Əslində ürəyin döyünməlidir, amma susur. Ürəyindən xəbərsiz ciyərin yarım qurtum nəfəs içir. Bu elə tərkidünyadır ki, balan da gəlsə, dərman olmur. Ya ürəyin danışsın, ya da ciyərin sussun istəyirsən. Hər iki hal rahatlıq verir. Hər iki halda azad olursan. Amma ikincinin sonsuzluğu daha güvənlidir.

Sadaladıqlarım panik atak adlanan psixoloji pozğunluğun tərifidir əslində. Dünya insanının hər beşindən birində müşahidə olunan qorxu əlilliyi. Bəli, bu 70 milyon insan depressiyadan, növbənöv fobiyalardan, ipoxondriyadan əziyyət çəkir. Bilməyənlər üçün aydınlaşdırım ki, ipoxondriya əsassız narahatlıq, şəfasızlıq haqda bitməyən düşüncələrdir.

Bəzən beynimizin bu sərsəmliyinə ad tapmaqda tibb də aciz qalır. Uzun müayinə və müalicələrdən sonra bəlli olur ki, əslində problem orqanizmə yox, şüurumuza darışan xəstə fikirlərimizdədir.

Panik atak adlı beyin əlilliyindən vaxtında qurtulmaq üçün öncə əlamətlər düzgün müəyyən edilməlidir. İnanaq ki, peşəkar tövsiyələri, ataklıların etirafları bu sindromla mübarizənizə təkan verəcək.

Panik atak dünyada ən çox yayılmış psixoloji sarsıntıdır.

Bu sözləri Publika.az-a Avropa Rusiya peşəkar psixoterapevtlər liqasının üzvü, tanınmış həkim Vladimir Faynzilberq bildirdi.

Картинки по запросу владимир файнзильберг

Faynzilberq deyir ki, belə insanlar adətən fiziki olaraq kifayət qədər sağlamdırlar. Psixoloji cəhətdən isə durumları bərbaddır. Panik ataklardan əziyyət çəkən insanları adətən iki qrupa bölürük- əhəmiyyətsiz həyat münaqişələri belə panika yaradan əsəbi zəif insanlar və yaşanmış böyük şokdan sonra qazanılan davamlı panika.

- Doktor, panik atak müalicə olunan xəstəliklər sırasındadır?

- Bu pozğunluğu müalicə etmək mümkündür. Müalicənin ilkin mərhələsində xəstəyə dərmanlarla yardım etmək lazımdır. Bu yolla pasient özünü daha tez toplayır və güvəni geri qayıdır.

- Amma bəziləri deyir ki, antidepressantlar həm orqanizmə zərərlidir, həm də faydası qısa müddətlidir...

- Bu, yanlış fərziyyədir. Düzgün seçilmiş antidepressant həblər atakların sayını azaldır. Lakin unutmayın ki, psixoloq və psixoterapevtdən də dəstək almasanız, müalicə yarımçıq qalacaq. Ümumiyyətlə panik atak baş verdisə, öncə sakitləşməyə çalışın. Özünüzə təlqin edin ki, orqanizminizdə heç bir problem yoxdur. Bütün proseslər beyninizdə baş verir və düşüncələrinizlə bağlıdır. Bu durumda nəfəsinizi də ləngitməyiniz köməyinizə çata bilər.

Kim deyir ki, insan həmişə cavan ola bilməz? Kim deyir ki, 100 yaşlı qarı 20 yaşlı gənc qız təravətinə, plastikasına sahib ola bilməz? İnanmaq çətin olsa da, bu sehrin tək açarı yoqadır. Son illər bütün dünya yoqaya yönəlmək üzrədir. Həmsöhbətimin də dediyi kimi səbəb sadədir. Bizi dünyanın bataqlığından yalnız yoqa xilas edə bilər.

Çandi həmçinin onu da deyir ki, yoqaya toxunan hər kəsin daxili, zahiri harmoniyası savaşların da yolunu bağlayır. Bu isə panik atak adlı sindromun süqutu deməkdir.

Həmsöhbətim hindistanlı peşəkar yoq Çandi Praveendir.

Ümumiyyətlə Yoqa təbiətin, insanın özüdür. İnsanın təbiətin bir parçasına çevrilməyi, bu proses baş verərkən isə sağlamlığına qovuşmağıdır. Məsələn, yoqada kobra pozası var. Eynən kobra kimi uzanıb boynunuzu qaldırırsınız. Bu zaman həm kobra müdrikliyini duyub sakitləşir, həm də ağırlıqdan tədricən xilas olursunuz. Yoqa o qədər gözəl həyat tərzidir ki, sizi ağrılardan, artıq çəkidən qurtarır.

- Dediniz, panik atakdan əziyyət çəkənlərlə də çalışırsınız.

- Əlbəttə. Çünki yoqa elə bir dünyadır ki, daxil oldunuzsa, ən ağır xəstəlikləri də bədəninizdən, beyninizdən qovub sizə harmoniya bəxş edəcək. Yoqa yalnız bədənin rahatlığı deyil, həmçinin sizə əziyyət verən fikirlərin düşmənidir. Daim beynində mənfi düşüncələr dolaşan, üzüntüyə meylli insanlar panik ataka daha tez yoluxurlar. Bu baxımdan meditasiya çox önəmli müalicə üsuludur. Çünki bu zaman insan nəfəsini düzgün tənzimləməyə nail olur, narahatlıq duyğusu onu tərk edir. Bir sözlə yoqa insanın mənliyini tərbiyə etmək üçün əvəzsiz terapiyadır.

Türkiyənin məşhur jurnalisti, minlərlə insanın həyat bələdçisi Zeyno Baran isə bildirir ki, panik atak bilavasitə amiqdala nöqtəmizlə bağlıdır.

- Mənim təcrübəmə görə, panik atak insanın həllini tapmadığı məsələlərdə nəfəs almağı unutduğu məqamdır. Ən əsası isə artıq baş vermiş bir hadisənin yenidən yaşanacağı ehtimalı, narahatlığı başlayır. Yaxud təyyarə qorxusu, böyük auditoriya qarşısında çıxış etmək həyəcanı kimi durumları beyin ölümlə eyniləşdirir. Nəfəs ağırlaşır, sanki ürək dayanır. Əslində fizioloji olaraq baş verməsə də, insanın beyni özünü ölümə hazırlayır. Və qorxduğu proses təkrarlandıqca elə bir panikaya düşür ki, hər dəfə psixoloji ölüm yaxasından yapışır. Əsas məsələ problemin kökünü tapmaqdır.

Panik atak mənim üçün xəstəlik deyil, insanın şüur altına yeritdiyi mənfi fikirlərdir. İnsanın boynu ilə başının birləşdiyi nahiyyədə amiqdala adlı nöqtə var. Bu bizim qorxu mərkəzimizdir. Bütün qorxularımızın sandığıdır. Yaşanan və öyrənilən hadisələr, mənfi hallar artdıqca amiqdalanın da fəallığı artır. Bu isə panik atakla nəticələnir. Əsas məsələ bu nöqtənin sakitliyini və stabilliyini təmin etməkdir ki, qorxularımız davam etməsin. Bunun üçün isə yeni həyata başlamaq, sizə əziyyət verən xatirələrlə vidalaşmaq lazımdır.

İsrailin məşhur professoru, tanınmış həkim Şimon Perets isə qeyd edir ki, fərz edin panik atak bir külək idi, əsdi keçdi.

- Panik atak qəfil tutan həyəcan qasırğasıdır. Bu qasırğalar çox vaxt özündəngetmə, şiddətli sinir gərginliyi ilə müşayiət olunur. Əksər hallarda isə bu simptomlar olmadan sakitləşə bilərsiniz. Bir qayda olaraq panik atak stress anında şiddətlənir. Əsas səbəb isti, havasızlıq, qorxu, fobiya, nəqliyyat sayılır. Ürəyin döyüntüsü, artır, bədənə soyuq tər gəlir, ayaqlar titrəməyə başlayır, nəfəs ağırlaşır. Amma unutmaq lazım deyil ki, 10-15 dəqiqədən sonra bu hal keçəcək. Panik atakların əsas problemi ondadır ki, bu hal təkrarlana bilər. Məsələn metro fobiyası olan insan tədricən bütün növ nəqliyyatdan istifadə edərkən qorxmağa başlayacaq. Nəqliyyata minən zaman növbəti atakın baş vermə təhlükəsi yaranacaq. Bu isə artıq fobiyalara və özünə qapanmalara çevriləcək. Panik ataka tərif versəm deyərəm ki, bu, sinir sistemimizin real təhlükəsi olmayan xarici təsirlərə doğrulmamış reaksiyasıdır. Bu isə şüurda “döy ya da qaç” sindromunu yaradır. Panikaya səbəb olan gerçək səbəb də yoxdur.

- Heç gözləmədiyimiz anda panik atakdan boğulmağa başladıq. Bütün simptomları hiss edirik. Bu durumda özümüzə necə kömək edək?

- Panik atak zamanı plastik paketin içərisinə davamlı nəfəs alıb verin. Çünki bu durumda nəfəs davamiyyəti və tənzimlənməsi önəmlidir. Diqqətinizi, şüurunuzu ətrafınızdakı önəmsiz bir şeyə cəmləyin. Tutaq ki, qarşınızdakı binanın pəncərələrini, yaxud köynəyinizin düymələrini sayın. Ən əsas şərtlərdən biri isə oturub hərəkətsiz qalmaqdır. Çünki ataklar zamanı bədəninizdə boşalma, ürəkgetmə ola bilər. Özünüzü xəsarət almaqdan qorumaq üçün oturun. Çox qəribədir ki, panik atak adlı psixoloji narahatlığın yaranma səbəbi bəlli deyil. İsraildə panik atakla mübarizənin ilkin mərhələsi psixoloqla terapiyalardır. İkinci mərhələdə isə “biofeedback” üsulu işə düşür. Bu, bədənin artan qorxuya qarşı müvazinəti, fikir yayınması və özünü idarədir. Ən çətin durumlarda isə psixiatr nəzarəti altında antidepressantların qəbul edilməsidir. Bu isə sinir sistemini sakitləşdirir.

Panik atak keçirdiyimi bir il olar öyrənmişəm. Çünki əvvəllər xəstəliyimin kökünü, boğulmalarımın səbəbinin haradan qaynaqlandığını bilmirdim. Sonra bir psixoloqdan adını öyrəndim.

Növbəti həmsöhbətim Vüsal Qarayev ataklarının qarşısını illədir ki, ala bilmir.

- Əslində mən uşaqlıqdan depressiv olmuşam. Anam xəstə idi, tez-tez xəstəxanalarda qalası olurdu, mən də nənə-baba, xala-bibi yanında böyüyürdüm. O zamanlarda anam üçün dəhşətli dərəcədə çox darıxırdım. Kimsəyə deyə bilmirdim, amma özümə qapanırdım. Eyni zamanda da ciddi aqressivləşmə olurdu məndə. Özəlliklə axşam saatlarında dəhşətli bir sıxıntı, yalnızlıq bürüyürdü canımı. Ölüm qorxusu hiss edirdim, öləcəyimi zənn edirdim, nəfəsim daralırdı, bir gizlinə çəkilib səbəbsiz ağlayırdım. Uşaq idim, nə baş verdiyini dərk edə bilmirdim. Əslində səbəb anam idi. Dediyim kimi, o elə bir yalnızlıq, darıxmaq idi ki, əzab çəkirdim, ağrıyırdım. Mən illərlə hər gecə yatmazdan öncə anam üçün dua etmişəm. Gecələri yuxudan oyanıb gizlicə gedib anamın nəfəs alıb-almadığına qulaq asırdım. İçimdə, anamı itirəcəyimlə bağlı dəhşətli bir qorxu var idi. Tələbəlikdə anam uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Hər şey gözümün önündə baş verdi. Bundan sonra daha ağırlaşdım, çətin günlərim başladı. Məndə ciddi xəstəlik qorxusu yarandı. Gün ərzində dəfələrlə əlimi spirtləyirdim, yanımda, çantada spirt gəzdirirdim. Hepatitdən qorxurdum. Çünki anam bu zəhrimardan dünyasını dəyişmişdi. Günlərlə otağımdan çıxmadığım olurdu. Həftədə bir neçə dəfə təcili yardım çağırırdım özüm üçün. İnfarkt keçirdiyimi düşünürdüm, çünki ürəyimdə kəskin ağrılar, sıxıntı hiss edirdim. Çox tez-tez müayinədən keçirdim, xəstəxanalara gedirdim.

L’image contient peut-être : Vusal Garayev, barbe et gros plan

-Bəs dəqiq diaqnoz nə vaxt qoyuldu?

- Əslində mən panik atak üçün müalicə almamışam. Çünki hər dəfə bir şikayətlə həkimlərə müraciət etdiyimdə fərqli-fərqli müalicələr yazıblar. Gah ürəyim, gah qaraciyərim, mədə-bağırsağım üçün. Və təbii ki, müalicələrin heç birinin köməyi olmurdu. İlk dəfə bir rus həkim xanım mənə dedi ki, mənasız yerə bu dərmanları qəbul etmə. Sənin heç bir problemin yoxdur əslində. Sadəcə nevrozsan, get, psixologiyanı sahmana sal, yeni həyata başla. O zamandan müalicələri dayandırmışam. Panik atak bu gün də davam edir. Düzdü, evlilikdən sonra xeyli düzəldim, uzun zaman da olmadı. Amma son zamanlar yenə artıb, hər halda bu da sosial sıxıntılar, həyat zorluqları səbəbindəndir. İşim də stresslidir. Bəzən elə olur hər həftə təcili yardım çağırası olurlar mənim üçün. Düzdür çox zaman utanıram, özümü pis hiss etdiyimi demirəm kimsəyə, düşünürəm öləcəmsə ölüm artıq, bitsin bu zülm. Həqiqətən bu zülmdür. Məsələn durduğum yerdə, evdə, yolda, metroda anidən bir ölüm qorxusu çökür üstümə, ürəyim kəskin sancır, sıxışır, nəfəsim boğazımda düyünlənir, konkret öləcəyimi hiss edirəm. Müalicə etdirməyi düşünmürəm, fikrimcə bunun bir müalicəsi yoxdur. Çünki sırf insanın əhvalıyla bağlı durumdur. Səbəbə gəldikdə isə, dediyim kimi, çox güman uşaqlıqda, gənclikdə anamla bağlı keçirdiyim stresslərdir. Bir sözlə uşaqlıq, gənclik travmalarım.

Картинки по запросу panic attack

Panik atak əsasən 20-30 yaşlı gənclər arasında rast gəlinir. Çoxları bu sindroma tutulduğunu rədd etməyə çalışır. Hətta xalq təbabəti ilə müalicə üsullarına qaçırlar. Halbuki bu sindromun həlli üçün mütəxəssis köməyi mütləqdir. Onu da vurğulamaq lazımdır ki, panik atakdan ən çox qadınlar əziyyət çəkir. Panikanın atakları çox vaxt öz qurbanını səbəbsiz mühasirəyə alır. Qısamüddətli də olsa, cəhənnəm qorxusu yaşadır. Panik atakın tutmaları adətən orqanizmdə adrenalin hormonunun faizini artırır. Bu isə bədəndə xəyali təhlükə ilə mübarizə durumu formalaşdırır. Ciyərlərin hipervintilyasiyası, ürəkdöyünmə, tənginəfəslik yaranır. Başgicəllənmə, barmaqların qıc olması, nitqin tutulması əziyyət verir. Bu bir növ şüurun qəza vəziyyəti deməkdir.

Məşhur türk neyroloqdan SENSASİON SÖZLƏR: Qadın ömrünün 25 ili hamam və tualetdə keçir

Türkiyənin məşhur neyroloqu Dəniz Egece bu sindromun müalicəsində inqilab edib. Dəniz bəyin dediyinə görə bu müalicələr keçici və qalıcı olmaqla iki yerə bölünür.

- Panik atak sizi yaxaladısa, mütləq həmin məkanı tərk etməlisiniz. Gözünüzü yumub gözəl xatirələrinizi düşünün. Hesablamalara görə, panik atakların ən şiddətli müddəti 20 saniyədən ibarətdir. Bu ağır zaman kəsiyindən sonra da həmin fikirlər sizdən əl çəkmirsə, ən çox sevdiyiniz doğmalarınızdan birinə zəng edin.

- Doktor, şəxsi təcrübəmdən deyirəm, həmin məqamda heç kimi düşünməyə gücüm olmur.

- Çünki bu sindromun şiddət şkalası var. Yəqin ki, sizdə daha güclüdür. Bizim terapiya seanslarına qatılmaq lazımdır. Həmin seminarlarda panik ataklara səbəb olan ölüm qorxusu, digər fobiyaların kökünü axtarırırıq. Buraya həmçinin itirmək qorxusu və qayğısızlıq da aiddir. Nəvazişsiz qalan insan içərisindən çürüyür. Ətrafın diqqətini özünə cəlb etməyin yeganə yolu isə panik atakdır. Yəni sanki öləcəm deyərək, onu qayğısız qoyanların diqqətini üzərinə yönəldir. Yaxud da panik atakı bəhanə gətirərək, öz işini başqalarına gördürür. Terapiya zamanı atakları yaradan səbəbi, pasientin beynini qurd kimi yeyən problemi tapıb diqqətini sırf ona yönəldirik. Qayğı görmək istəyirsə, bunu özünə zərər verərək deyil, daha müdrik yollarla da qazana biləcəyini izah edirik. Bu günədək şüurunu inandırdığı yalanları silib, ağ vərəqə yeni, özünə və ətrafa zərərsiz düşüncələr yazırıq. Çünki məhz panik atak zehnin bədən üzərində güclü təsiri deməkdir. İnsan diqqətdən kənar qalaraq, yaxud fobiyalarının qurbanına çevrilərək beynində yeni qorxular yaradır. Hətta həyatının bir məqamında bu tutmaların əsas səbəbini, qaynağını da unudur. Bizim vəzifəmiz fərqindəlik yaradıb bu yanlışı düzəltməkdir.

L’image contient peut-être : Leyla Sarabi İsmayıl et Vento Favoravel, personnes souriantes, gros plan

Qəribə də olsa bir neçə dostumun zehni panik atakla məhz qürbətdə qovuşub. Hazırda İtaliyada yaşayan jurnalist rəfiqəm Aygün Əliyeva bu faktı təsdiqləyir.

- Əvvəllər çox kilolu idim. Ciddi şəkildə çəkidən qurtulandan sonra ürək döyüntülərim artmağa başladı. Düşündüm ki, qan azlığım, vitaminsizlik buna səbəb ola bilər. Sırf bu narahatlığa görə müalicə almağa başladım. Ardınca şəxsi həyatımda problemlər yarandı. Bu problemlərin pik həddində idim. Qızımı metro ilə məktəbə aparırdım. Sanki ürəyim ağzımdan çıxmağa başladı, ayaqlarım titrədi. Elə bil ki, indi huşunu itirəcəksən, amma ağlın başındadır. Vaqonda insan axını var idi. Qapı açılan kimi özümü vaqondan bayıra atdım. Boş yer tapıb oturdum və hiss etdim ki, bədənimə soyuq tər gəlir. Həmin məqamda özümə gəlməyə başladım. O vaxtlar Madriddə yaşayırdım. Tibbi sığortam hesabına bütün yoxlanışlardan keçdim. Heç bir xəstəlik simptomları yox idi. Sonda həkim dedi ki, bu sizdə psixoloji durumdur. Psixiatr qəbuluna gedin.

L’image contient peut-être : Vento Favoravel, gros plan

Bir neçə seansdan sonra dəqiq anladım ki, bu hal məndə iki məqamda baş verir. Harasa çox tələsəndə və qapalı məkanlarda...Həkim mənə məsləhət gördü ki, imkan daxilində bu məkanlardan qaçım. Sakitləşdiricilər və antidepressant yazdı. Bir də dedi ki, heç vaxt unutma, panik atak infarkt deyil, ürəkgetmən olmayacaq və baş verən kimi mütləq otur. Çünki həmin məqamda ayaqlar bədəni saxlamır. Psixoterapevtlə birgə 3 ay müalicə aldım və demək olar ki, sağalmışam. Unutmadan xatırladım ki, panik atak qan azlığından da yarana bilər. Çünki bu zaman ürəyə gedən damarlarda tıxanma baş verir.

Fotoqraf Səfiyar Məcnun isə atakları ilə eşq yaşadığını etiraf edir.

- Məndə panik atak başlayanda Avropada yaşayırdım. Aldığım müalicələrin heç birinə bədənim reaksiya vermirdi. Əksinə daha da ağırlaşırdım. Azərbaycana qayıdandan sonra doğru müalicə ilə yanaşı həyat tərzimdə, prinsiplərimdə əsaslı dəyişiklik etdim. Bu yolla sağala bildim. Düşünürəm ki, bu sindromdan ən çox əziyyət çəkənlər sırasındayam. Çünki insanlarla təcrübəmi bölüşəndə də görmüşəm ki, məni saldığı hala heç kimi salmayıb. Hətta yerimək, danışmaq qabiliyyətimi tam əlimdən almışdı. Təbii ehtiyaclarımı da özüm ödəyə bilmirdim. Dayanmadan 18 ay müalicə aldım. Hazırda demək olar ki, tam sağalmışam. Çox nadir hallarda əlamətlərini hiss edə bilərəm. Amma bir sıra təsiri də qalıb. Bura həm təzyiq, həm də bir sıra fobiyalarım aiddir.

L’image contient peut-être : Safiyar Majnun

Mənim üçün panik atak bədənlə beynin dostluğunun pozulmasıdır. Reallıqda baş verməsi mümkün olmayan ölüm düşüncələrinin orqanizmə ötürdüyü qorxulardır. Əslində adi vaxtlarda bu fikirlərin normal beynin məhsulu olmadığına inanırsan. Ən acınacaqlı tərəfi isə ətrafdakıların dırnaqarası təsəlliləridir.

Hollandiyada əldə etdiyim maddi və mənəvi rifahı da sırf bu xəstəlik ucbatından yarımçıq qoyub geri döndüm. Bu xəstəlik məni tam idarəsinə almışdı, həyatımı sıfırlamışdı. Məni Azərbaycandakı müalicə sağaltdı. O vaxtadək spirtli içki qəbul etməmişdim, gecə həyatım yox idi. Həkim tövsiyyə etdi ki, ilk olaraq bunlardan başlayım ki, dərman müalicəsi də yardım etsin. Elə həmin gün həyatımda ilk dəfə konyak içdim.

Aucune description de photo disponible.

Ümumiyyətlə panik atakı ona görə sevirəm ki, məni öldürməsə də, ölümü daddırdı. Anladım ki, bir an içərisində kimliyindən asılı olmarayaq hər şeyini itirə bilərsən. Ondan sonra zövqümdə, parametrlərimdə kökündən dəyişiklik etdim. Ətrafım mənə qarşı daha həssas, daha diqqətli yanaşmağa başladı. Çünki həqiqətən xoşagəlməz bir hal, görüntü bəzən günlərlə məni özünə əsir edir.

Fransada yaşayan rəfiqəm Anna Roz isə panik atak haqda fiirlərini bir cümlə ilə izah edir

Həyatda ən böyük dərd panik atak deyil, nə vaxt, harada yenidən başlayacağını gözləməkdir.

- Uzun müddət özümlə bacara bilmirdim. Dərslərimin məsuliyyəti, güzəranımı təmin etmək üçün görmək məcburiyyətində olduğum işlərin ağırlığı məni çox yorurdu. Sevgilimdən ayrılandan sonra bir müddət çox ağır stress keçirdim. Bir gün ölümün panika şəklində mənə yaxınlaşdığını hiss etdim. Bu hal get-gedə artmağa başladı. Heç bir müalicə təsir etmirdi. Psixoloji cəhətdən tam çökmüşdüm. Bir gün təsadüfən Almaniyada psixoterapevtlə tanış oldum. Sən mütləq kruiz səyahətinə çıxmalısan, dərdlərini də, ataklarını da suya ata-ata dünyanı gəzməlisən dedi. Bu söhbətdən sonra yenidən doğuldum. Valideynlərim bütün xərclərimi öz üzərinə götürüb məni səyahətə yola saldılar. İndi özümü daha yaxşı hiss edirəm. Sizə bir tövsiyəm var. Heç vaxt dadmadığınız həzzi tapmağa meylli olun, acılarla yaşamaqdan əl çəkin. Onda panik atak da yaxanızı buraxacaq.

Картинки по запросу panic attack

Düşünürəm ki, kiçik araşdırmanın bu sonluğu hər birimiz üçün nəhəng və ümidli başlanğıc olacaq. Unutmayın panik atak xəstəlik deyil, ölümsə heç deyil... Vücudunuzu sevin, düşüncələrinizi eşqlə bəsləyin.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/295437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR