Bank olmayan kredit təşkilatlarının (BOKT) borcların toplanması zamanı müştərilərin şəxsi məlumatlarını və üçüncü şəxslərin kontaktlarını qanunsuz şəkildə işləməsi qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın saytımıza açıqlamasında bildirilib.
Qeyd olunub ki, belə hallar “Bank olmayan kredit təşkilatları haqqında”, “Kommersiya sirri haqqında” və “Fərdi məlumatlar haqqında” qanunların tələblərinin pozulması ilə nəticələnə bilər.
Məlumata görə, “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna əsasən, BOKT müştəriləri ilə apardığı əməliyyatların məxfiliyini “Kommersiya sirri haqqında” Qanuna uyğun qorumalı və məlumatların qanunsuz açıqlanmasına yol verməməlidir.
“Fərdi məlumatlar haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən isə fərdi məlumatların hər hansı üçüncü şəxsə verilməsinə yalnız müştərinin yazılı, o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən razılığı ilə yol verilir.
Bu baxımdan, müştərinin razılığı olmadan və ya razılıq qanunvericiliyin tələblərinə uyğun verilmədiyi halda onun krediti barədə yaxınlarına və ya digər üçüncü şəxslərə məlumat ötürülməsi qanunsuz hesab olunur.
Mərkəzi Bank bildirir ki, fərdi məlumatları və ya kommersiya sirri təşkil edən məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Açıqlamada kommersiya banklarının BOKT-lərin resurslarından və ya əksinə istifadə etməsi fonunda həmin bankların vətəndaşlara kredit verməkdən imtina etməsinə də münasibət bildirilib.
Qeyd olunub ki, “Banklar haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən, cari bank fəaliyyəti ilə bağlı qərarlar qəbul edilərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil. Həmin orqanların kredit təşkilatlarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.
Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilələrdə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və bank xidmətləri üzrə digər ödənişləri, həmçinin verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.
Beləliklə, kreditlərin verilməsi ilə bağlı qərarlar bankların öz kredit siyasəti və müştərilərlə bağladıqları müqavilələrin şərtləri çərçivəsində qəbul edilir.