ANS-də yayımlanan "Maşın" realiti şou dünən ən ağır günlərindən birini yaşadı. "Daha bir nağıl" devizi ilə start verilən şouda Abbas Bağırovun nağılı başa çatdı.

ANS PRESS-in məlumatına görə, dostlarının xəyanəti ilə üzləşən Aşıq Əli (Əli Tapdıq oğlu) 87,20% səslə oyunda qaldı. O, heç kimin gözləmədiyi halda Xatirə İslamın adını çəkdikdə, Abbas Bağırov əlini maşından çəkib qaçaraq Aşıq Əlinin yanına gələrək fikrini dəyişməyə məcbur etdi. "Əli artıq fikrini dəyişdi, məni çıxaracaq bu gün" deyərək Aşıq Əlini çıxılmaz vəziyyətdə qoydu.

Bəs nə baş verirdi? Abbas niyə belə etdi? Dünən yaşananların əsl səbəbkarı əslində ABD Malik idi. Repçi günün əvvəlində şəkillər qutuya atılmazdan qabaq oyunçulardan onun şəklinin atılmasını xahiş edib. Məqsədi isə səs toplayarsa Abbas Bağırovu çıxarmaq olub. Bundan xəbər tutan Xatirə İslam məlumatı daxil olduğu qruplaşmanın üzvlərinə çatdırıb və öz aralarında belə qərara gəliblər ki, Rəşad Dağlı demişkən bu dəfə Aşıq Əlini "rasxod"a buraxsınlar.

Əlbətdə ki, bütün bunlar Aşıq Əlinin xəbəri olmadan planlaşdırılır. Baxmayaraq ki, Əli onların qruplaşmasının tərkibində idi. Çünki Əli ən çox şəkli atılanın özü olduğunu eşidəndə çox təəccübləndi. Dostlarının arxasından işlər çevirdiyini görən Əli, səs toplayarsa çıxaracağı oyunçunun məhz dostlarından biri olacağını açıqladı.

İlk gündən heç bir qruplaşmaya qoşulmayıb tək oyun aparan Mehriban Xanlarova, Samir Cavadzadə və Anar Ağakişiyev Əlinin hədəfi deyildilər.
Vəziyyətin gərginləşdiyini görən Rəşad Dağlı özünü sığortalamaq üçün qruplaşmanı tərk etdiyini bəyan etdi. "Mən bu gündən oyunda təkəm" deyərək, adını Aşıq Əlinin "qara siyahı"sından sildirdi.

ABD Malik: "Abbası oyundan mən çıxarmalı idim. Hamıdan xahiş etmişdim ki, şəklimi atsınlar. Mən ora çıxıb səs toplasaydım Abbası çıxaracaqdım. Onların qruplaşması mənim bu fikrimdən xəbər tutub planımı pozdu".

17 iştirakçı ilə start verilən layihə bu gündən 10 iştirakçı ilə - Mehriban Xanlarova, Rüfət Axundov, Emil Bədəlov, ABD Malik Kələntərli, Xatirə İslam, Samir Cavadzadə, Allahverdi Yolçuyev, Aşıq Əli, Rəşad Dağlı və Anar Ağakişiyevlə davam edəcək.

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu realiti-şounun 13-cü sürəti "Daha bir nağıl" devizi ilə baş tutur. Veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır.
Mənbə
ANS PRESS