[ 17 May 2015 12:08 ]



Bakı. Ramiz Mikayıloğlu - APA. “Dövlət qulluğu haqqında” qanuna əsasən attestasiya olunan şəxsin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi, onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağandır.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası” və “Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edib.

“Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası”da edilən dəyişikliyə əsasən attestasiya olunan şəxsə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

“Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.