Rusiya telekanallarında Azərbaycanla bağlı verilişləri 50 milyon tamaşaçı izləyib

Rusiya telekanallarında Azərbaycanla bağlı verilişləri 50 milyon tamaşaçı izləyib
23:52 24 Dekabr 2014
148 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliğ olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ölkəmiz haqqında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq "Россия-1", "Россия-2", "Моя планета", "CTC" və digər telekanallarında nümayiş olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, verilişlər siyahısına hər biri 26 dəqiqə olmaqla 2 hissədən ibarət "Неспокойной ночи" verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarını qeyd etmək olar. Həmin buraxılışlar efirə getdiyi gündən etibarən verilişə qısa zaman ərzində youtube vasitəsilə 300 000-ə yaxın baxış olub.

Həmçinin mart ayında ölkəmizdə təntənəli qeyd olunan Novruz bayramı haqqında ümumi 78 dəqiqədən ibarət 3 film hazırlanıb və "Планета вкусов" layihəsində nümayiş olunub. Filmin hazırlanmasında əsas məqsəd Novruz bayramını Rusiya və MDB ölkələrində daha da tanıtmaq və bu bayram ərəfəsində ölkəyə daha çox turist axınını təmin etməkdir.

Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında "За кадром" televiziya layihəsinin geniş tərkibdə çəkiliş qrupu ölkəmizə səfər edib və Azərbaycana həsr olunan buraxılışlar "Россия-1", "Россия-2" kanallarında nümayiş etdirilib. Çəkilişlər paytaxt Bakı ilə yanaşı, Quba və Xızı rayonlarında da aparılıb və veriliş 26 dəqiqədən ibarət olub.

2014-cü ilin noyabr ayının əvvəllərində Göyçay rayonunda qeyd olunan "Nar bayramı" zamanı Rusiyadan dəvət olunan çəkiliş heyəti tərəfindən geniş veriliş hazırlanıb və 2015-ci ilin mart ayından etibarən "Не жизнь, а праздник: Праздник граната" layihəsində nümayişi nəzərdə tutulub. Həmin layihə 44 dəqiqədən ibarət olacaq. Məlumat üçün bildirək ki, çəkilişlər zamanı milli dəyərlərimizdən olan lavaşın hazırlanması və digər incəlikləri də öz əksini tapıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxları və verilişlərə MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 000 000-a yaxın tamaşaçı izləyib.

Azərbaycanın turizm və mədəniyyət potensialının Rusiyada təbliğatının vacibliyini nəzərə alaraq, 2015-ci ildə də bu ölkənin televiziya kanalları və sosial şəbəkələri vasitəsilə təbliğat işi davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR