“Turan” İA “Dafna Qalisiyanın qətli” məsələsində erməni toruna təsadüfənmi düşüb? -

Qətlə yetirilən jurnalistlərin işində bənzərliklər

Qətlləri siyasiləşdirilən və ya siyasi sifarişlərlə qətlə yetirildikləri iddia olunan jurnalistlərin heç birinin cinayət işi sona qədər açılmayıb. Əksinə, qatillərin izləri qəlizləşdirilib, cinayət işləri də illər keçdikcə gündəmdən çıxıb. Bu, Gürcüstanda, Ukraynada, Slovakiyada belə olub, Maltada da belədir. Amma bu qətl işləri arasında oxşarlıq yaradan məqam təkcə aqibətləri ilə bağlı deyil, bənzərliklər bütün məqamlarda var. 2003-cü ildə Gürcüstanda qətlə yetirilən “Rustavi-2” TV kanalının əməkdaşı Georgy Sanayanın işi ilə Ukraynada təqribən eyni dövrdə öldürülmüş jurnalist Georgi Qonqadzenin, iki il öncə Maltada qətlə yetirilmiş jurnalist Dafna Caruana Qalisiyanın işlər arasında oxşarlıqlar “N” qədərdir. Ssenarisi öncədən yazılmış, plagiat süjetlər üzərində qurulmuş, mövzusu, ideyası kosmetik dəyişikliklərlə eyni olan teleserialları xatırladırlar. Georgy Sanayanın öldürülməsi“təsadüfən” Gürcüstanda məxməri inqilabdan az öncə baş verdi. Cəmiyyət qarışdı. Mixail Saakaşvilinin Şevardnadze iqtidarına qarşı irəli sürdüyü ittihamlardan biri də məhz Sanayanın qətlinin üstünün açılmaması idi. Saakaşvili iqtidarda oldu, getdi, amma Georgy Sanayanın öldürülməsinə bağlı cinayət işi bu gün də açılmayıb. Ukraynada jurnalist Georgi Qonqadzenin öldürülməsi daha səs-küylü oldu. Bu hadisə də Ukraynada “təsadüfən” məxməri inqilabdan az öncəyə təsadüf etdi, Viktor Yuşşenkonun Yanukoviç üzərində üstün təbliğat qurması üçün mövzuya çevrildi. Ukraynada məxməri inqilabın lideri olan Viktor Yuşşenko da iqtidarda oldu, getdi, amma Qonqadzenin öldürülməsinə bağlı cinayət işi bu gün də açılmayıb.

Təkcə yerli polis deyil, bütün beynəlxalq təşkilatlar iki ildir ki, qətlə yetirilmiş maltal jurnalist Dafna Caruana Qalisiyanın qatillərini və qətlin sifarişçilərini axtarırlar, amma onlar “tapılmırlar”. Tapılmayacaqlar da. Çünki bu qətl hadisəsi də ssenariləşdirilib, siyasiləşdirilib və belə siyasiləşdirmə vasitəsilə əldə olunacağı gözlənilən nəticələr, planlar var. Nəticələr isə yavaş-yavaş hasil olur. Malta məxməri çevrilişin qapısında və ya ortasındadır. “Beynəlxalq ictimaiyyətin basqıları” qarşısında davam gətirməyən Maltanın baş naziri Cozef Muskatın administrasiya istefa verdi.

Erməni şəbəkəsi ilə OCCRP-in uyğun maraqları

Sadaladığımız nümunələr üzrə daha bir oxşarlıq öldürülmüş jurnalistlərin adları qarşısında verilən epitetlərdir. Beynəlxalq təqdimatda hər 3 hadisə barədə fərqli danışılsa da, onların qarşısında artırılan epitetlər eynidir: “korrupsiya hallarını araşdıran jurnalistlər”. “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) mövcuddur ki, “öldürülən jurnalistlər”in əksəriyyəti bu şəbəkənin qurbanlarıdırlar. Onlar eyni şəbəkə tərəfindən təlimatlandırılır, idarə olunur və eyni aqibəti yaşayırlar. Hər birinin faciəsindən də eyni məqsədlər üçün istifadə olunur. Yeni-yeni qurbanlıqlar yetişdirmək vədaha çox “qurbanlar vermək” bu şəbəkənin işinə yarayır. “Qurban edilmiş hər bir jurnalist”, izi azdırılmış hər bir cinayət işi bu şəbəkəyə hansısa ölkəyə qarşı təbliğat aparmaq, basqı yapmaq üçün hava-su kimi lazımdır. Bu sahədə təbliğat qurmaq, beynəlxalq rəyi yanlış istiqamətə yönləndirmək, ayrı-ayrı ölkələri haqsız basqıya məruz qoymaq üçün Sorosun qlobal və lokal media şəbəkələri var.Bu halda şəbəkənin -OCCRP –in kimliyi sualı ortaya çıxır. Amma onun izini tapmaq üçün də səbrli davranmaq lazım gəlir, çünki, burada da iz azdırmaq üçün “yüngülvari manevrlər” edilib ki, sadə oxucu sona vara bilməsin.OCCRP Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin (Global İnvestigative Journalism Network-GİJN) hesabatı kimi təqdim edilir. Deməli, OCCRP-in kimliyini tapmaq üçünGİJN-ni araşdırmaq lazım gəlir. GİJN-nin saytında verilən bilgidən bəlli olur ki, proqramın rəsmi qurucusu və maliyyəçisi Açıq Cəmiyyət Fondudur (Open Society Foundations-Soros Fondu). Corc Soros.Sorosun məxməri inqilablar baş verən ölkələrdə oynadığı rol hər kəsə bəllidir. Onun özünə qarşı olan münasibət də hər kəsə bəllidir. Bunda işimiz yox. Vurğulamaq istədiyimiz məqam Sorosun və onun OCCRP şəbəkəsinin Azərbaycana qarşı olan münasibətidir. Qısa məlumat üçün deyək ki, 2018-ci il üzrə Korrupsiya İndeksinin hazırlanması,bunun fonunda Azərbaycana qarşı aparılan savaşda “Transparency İnternational” OCCRP-lə müştərək iş aparıblar, ölkəmizin adı ətrafında qondarma skandal yaratmağa cəhd ediblər. Azərbaycan bu təzyiqə ləyaqətlə dözdü, cavab verdi və öz layihələrini gerçəkləşdirdi. Amma görünür Corc Soros usanmaq bilmir və yeni skandalların peşindədir.

Erməni dəyirmanına su tökənlər

İki il öncə qətlə yetirilmiş maltal jurnalist Dafna Caruana Qalisiyanın ailəsi Avropa polisinə müraciət edib. Onlar ailə üzvlərinin qətlinin araşdırılmasında müstəntiqlərə, prokurorlara və hakimlərə lazımi dəstək verməyə çağırıblar. Qeyd ediblər ki, bu qətl işi fonunda aparılan basqılar nəticəsində Maltanın baş naziri Cozef Muskatın administrasiyası istefa versə də, qətlin üstü açılmır. Ailə şübhəyə düşməkdə haqlıdır. Çünki ortada Gürcüstan, Ukrayna və digər ölkələrdə yaşanmış nümunələr var. Bilirlər ki, jurnalistin qətl işindən istifadə olunacaq, kimlərəsə basqı olunacaq, bəlkə də bütövlükdə ölkədə çaxnaşma yaradılacaq. Amma jurnalistin qətl işi açılmayacaq.Şübhələr var ki, qətlin üstünün açılmasını “şiddətlə tələb edənlərin” özlərinin bu qətlllərin ssenariləşdirilməsində rolları var.

Şübhələrin artmaması, kənar hadisələrin baş verməməsi, yalnız ssenariləşdirilmiş nəticələrin əldə olunması üçün şəbəkə də aktiv fəaliyyətdədir. Politoloq Yeganə Hacıyeva ciddi bir faktın üstünü açıb. Bəlli olub ki, Dafnanın ailəsinin müraciətindən istifadə edib öz maraqlarını təmin etmək üçün Soros şəbəkəsi ilə erməni şəbəkəsi müştərək iş aparır. Bu məqsədlə ailənin müraciəti saxtalaşdırılır, kontekstdən çıxarılır. Faktlara baxaq. Euronews ailənin müraciəti barədə məlumat yayıb. Normal xarakterlidir. Ailə qətlin üstünün açılmasını istəyir. Amma Maltada bəzi KİV-lər həmin müraciətə “yüngülvari əlavə ediblər”. Həmin əlavədə qeyd olunur ki, Dafna Caruana Qalisiya qətlə yetirilməmişdən öncə “Malta və Azərbaycan arasında pulların yuyulmasını” araşdırırmış. Azərbaycanın adı Euronews və digər ciddi KİV-lərin xəbərində keçmir (. https://www.euronews.com/2019/09/21/daphne-caruana-galizia-family-slams-independence-of-inquiry-into-murder-of-maltese-journal?fbclid=IwAR2bpqCWE9m5A_hkD9EKc8L2QkQzMI2HvhlF9aWkJsfJYKl4DYTy7Lodo2Q ). Ölkəmizin adını Dafna ailəsinin müraciətinə ilk dəfə “Times of malta” adlı KİV daxil edib. Yeganə Hacıyeva müəyyən edib ki, həmin saytda yayılan informasiyanın müəllifi Herman Grech adlı erməni mənşəli jurnalistdir. Herman Grechdaha çox Türkiyə əleyhinə yazdığı yazılarla məşhurdur. Beləliklə, ortada ziddiyyət yaranır. Ailənin müraciətinin orijinalı yayılmadığı üçün aydınlaşdırmaq çətindir ki, o, həqiqətən də Azərbaycanın adını çəkibmi? Ciddi KİV-lərin ölkəmizin adını çəkməməsi göstərir ki, burada şübhəli məqamlar var, erməni şəbəkəsi Soros şəbəkəsinin köməyindən istifadə edərək diqqəti sünii ölkəmiz üzərinə yönəltmək istəyir. Problem odur ki, Azərbaycanda fəaliyyət göstərən, Mehman Əliyevin rəhbərlik etdiyi“Turan” İnformasiya Agentliyi də xəbəri Euronews –a deyil, Herman Grechə-“Times of Malta”ya istinadla yayıb və yanlış fikrin möhkəmlənməsinə xidmət edib. ( http://www.turan.az/ext/news/2019/11/free/politics%20news/az/85446.htm?fbclid=IwAR39cUT5f4bZPhQr7JlHX1PRfdhi_7ELqK4Az3Z6H__5ZgDoWn2OydwTDrA ). Yəni Azərbycanın adını bu çirkin cinayət işində hallandırıb. Dafna ailəsinin orijinal müraciəti ortada olmadığı üçün məsələ mübahisəli qalır. Amma “Turan” İA-nın marağı olsaydı, ən azı belə bir araşdırma aparar, nə üçün bir açıqlamanın iki kontekstdə yayılmasını aydınlaşdırmağa çalışardı. Araşdırma aparmaq, həqiqəti üzə çıxarmaq jurnalistikanın önəmli prinsipidir. “Turan” İA bu prinsipdən xəbərsizdirmi, yoxsa erməni şəbəkəsi ilə Soros şəbəkəsinin yanlış təbliğatının kök atmasında marağımı vardır? “Turan” İA araşdırma aparsaydı, ölkəmizin adını çirkin kampaniyaya qatmaq istəyənlərə cavab vermiş olardı. Təəssüf ki, “Turan” İA həqiqətin üzə çıxmasında deyil, Soros və erməni şəbəkəsinin uydurmalarının tirajlanmasında maraqlı tərəf kimi görünür.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR