Aftandil Hacıyev: "Kimsə nə mənim, nə də Qurban Qurbanovun adına ləkə gətirə bilməz"

Aftandil Hacıyev: "Kimsə nə mənim, nə də Qurban Qurbanovun adına ləkə gətirə bilməz"
19:52 1 Dekabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm".
"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIII turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.
38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə 2 real qol şansları olub: "İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq".
Hacıyev "Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə də toxunub: "Mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilirlər. Bizim "Neftçi"dən xal almağımızı "Qarabağ"a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilməz. Heç birimiz bu sözlərə layiq deyillər. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı "Neftçi"dən görürəm. Gənc oyunçularımıza söz atırlar. Öz oyunumuzu düşünürük. Bizi nə "Qarabağ", nə də "Neftçi" maraqlandırmır".
Baş məşqçi uğursuzluq zolağında olmalarını bu cür şərh edib: "Qalatasaray" da 8 oyunda qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdir. Son sırada olmağımız normal haldı. Strategiyamız var. Gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularına uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır".
Gənc mütəxəssis zədəlilərin durumuna da aydınlıq gətirib: "Elvin Yunuszadə meydana ağrılarla çıxırdı, durumu bizə narahat edirdi. Ayağında ağrılar var. Yevgeni Koçuk da əməliyyat olunmalıdı. Böyük ehtimalla, Azərbaycan Kubokunda çıxış etməyəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aftandil-haciyev-kimse-ne-menim-ne-de-qurban-qurbanovun-adina-leke

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR