Bakı, 18 may, AZƏRTAC
Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bu ölkənin “Neste Jacobs Oy” Şirkəti arasında “Karbamid Zavodu” Layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətlərinə dair müqavilə imzalanıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, imzalanma mərasimində gübrə sektorunda layihənin idarəedilməsi üzrə məsləhətçi kimi böyük təcrübəyə malik olan, yüksək keyfiyyətli texnologiyanın inkişafı, sənaye investisiya layihələri, texniki xidmət və performans təkmilləşdirmələri üzrə ixtisaslaşmış “Neste Jacobs Oy”un layihənin idarəedilməsi üzrə məsləhətçi qismində çıxış edəcəyi, layihənin idarəedilməsi üzrə yüksək rəqabət qabiliyyətli xidmətlər göstərəcəyi, eyni zamanda zavodun tikintisi ilə bağlı müstəqil təftişləri əlaqələndirəcəyi bildirilib.
Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq layihənin idarəedilməsi üzrə təcrübəli məsləhətçinin işə cəlb edilməsi layihələndirmə, xüsusilə, əsaslı layihələndirmə, alınmış material və avadanlıqların quraşdırılması, eləcə də istismar sınaqları mərhələlərində SOCAR-ın idarəetmə və nəzarət prosesinə dəstək olacaq. Bu məqsədlə ötən ilin ortalarında beynəlxalq açıq tender elan edilib və “Neste Jacobs Oy” Şirkəti qalib olub. “Neste Jacobs Oy” və onun təşkil edəcəyi komanda SOCAR-ın adından mühəndislik, satınalma və tikinti müqaviləsi üzrə podratçıya nəzarət edəcək.
Azot gübrəsi-karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə Müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi Terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulub. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
SOCAR “Karbamid Zavodu” Layihəsi üzrə Finlandiyanın “Neste Jacobs Oy” şirkəti ilə müqavilə imzalayıb
SOCAR “Karbamid Zavodu” Layihəsi üzrə Finlandiyanın “Neste Jacobs Oy” şirkəti ilə müqavilə imzalayıb