“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb (FOTO)

“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb (FOTO)
18:36 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların respublikamız barədə təəssüratını yaddaqalan etmək məqsədlə ərsəyə gətirilən “Culture Guide” kataloqunun dekabr nömrəsi çapdan çıxıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət bələdçisinin yeni buraxılışı da mövzu və materiallar baxımından zənginliyi ilə seçilir.

Nəşr ilk olaraq oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edir. Müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin son illər mədəniyyətlərarası dialoqa töhfələrindən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

“Culture Guide”ın dekabr buraxılışında ənənəvi olaraq paytaxtdakı mədəniyyət müəssisələrinin repertuarı və tədbirləri ilə bərabər, hər biri haqqında qısa təqdimat-tanıtma səciyyəli informasiyalar da verilib. Teatr və konsert müəssisələri, kino zalları, qalereyalar və əyləncə məkanlarının bu ay üçün də maraqlı tədbirlər proqramı var.

Muzeylər bölməsində şəhərdə fəaliyyət göstərən bu mədəniyyət məkanlarının bir çoxu haqqında ənənəvi təqdimatlarla yanaşı, əfsanəvi cazmen, pianoçu və bəstəkar Vaqif Mustafazadənin memorial muzeyinə ekskurs edilir, sənətkarın həyat və yaradıcılığından, buradakı ekspozisiyadan söz açılır.

Nəşrdə, həmçinin Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, “Atəşgah” məbədi və Yanardağ haqqında məlumat və tövsiyələr yer alıb.

“Culture Guide” bələdçisinin hər sayında ölkəmizin bəşəriyyətin mədəniyyət xəzinəsinə töhfələri, dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. “Açıq səma altında muzey-şəhər” adlı yazı bu il tarixi mərkəzi və Xan sarayı UNESKO-nun Dünya İrs Siyahısına salınmış Şəki haqqındadır.

Bəşəriyyətin xəzinəsində yer almış qeyri-maddi mədəni irs nümunələrimizlə bağlı yazılar silsiləsində isə bu dəfə Qarabağ atları üzərində çövkən oyunu ənənəsi, habelə milli mətbəximizdə xüsusi yeri olan lavaş və dolma haqqında bəhs olunur. Qeyd edək ki, hər üç nümunə məhz dekabr ayında (2013, 2016, 2017) UNESKO-nun müvafiq siyahılarına daxil edilib.

“Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” başlıqlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızdakı mədəni sərvətlərin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

Azərbaycanın zəngin irsə və adət-ənənələrə sahib olması bu mədəni potensialın beynəlxalq səviyyədə təbliğinə, ölkəyə gələn xarici qonaqlara mədəni marşrutlardan istifadə etməsinə imkanlar yaradır. Bu məqsədlə Azərbaycan 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar proqramına qoşulub. Hazırda ölkəmiz beş belə layihədə təmsil olunur. “Azərbaycandan keçən beynəlxalq mədəni marşrutlar” yazısında bu barədə ətraflı məlumat verilir.

“Culture Guide” dekabr ayının əlamətdar günlər təqviminə də nəzər salır. Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay tanınmış rəssamlarımızın əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin “Qarabağda qış”, 1-ci səhifədə isə Xalq rəssamı Nadir Əbdürrəhmanovun “Dağlarda qış istirahəti” tabloları əks olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3159207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR