V Respublika fənn müsabiqəsi qalibləri mükafatlandırılıb

V Respublika fənn müsabiqəsi qalibləri mükafatlandırılıb
17:52 17 Dekabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkədə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb.
O bildirib ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.
Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 25 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub.
Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 151 nəfər qalib elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb. 261 nəfər şagirdə isə yüksək nəticə göstərdiklərinə görə həvəsləndirici sertifikat təqdim olunub. 














Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/v-respublika-fenn-musabiqesi-qalibleri-mukafatlandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR