Bakı, 19 may, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 17-18-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əli Abbasov BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə İttifaqın Qızıl Tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib.
Nazir Azərbaycan Respublikasının hökuməti və İKT cəmiyyəti tərəfindən İttifaqı yubiley münasibətilə təbrik edib. Əli Abbasov Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” doktrinasına və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına BTİ-nin verdiyi töhfəni qeyd edərək, ilk dəfə İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilmiş seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.
Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə nazir Əli Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.
Yubiley tədbirinin rəsmi hissəsindən sonra nazir Əli Abbasov BMT-nin Cenevrə ofisinin baş direktor vəzifəsini icra edən Maykl Moller, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Kristian Bax, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Ruqandanın sahə üzrə administrasiya rəhbərləri, eyni zamanda, Regional Rabitə Birliyinin direktoru, ICANN təşkilatının prezidentinin baş müşaviri, BTİ-nin əməkdaşlıq və resursların mobilizasiyası diviziyasının direktoru, BTİ-nin MDB ölkələri üzrə bölməsinin rəhbəri ilə ikitərəfli görüşlər keçirib və Azərbaycanla əməkdaşlıq istiqamətlərini müzakirə edib.