Bakı, 19 may, AZƏRTAC
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, imtahanda 2015-2016-cı tədris ilində təhsillərini kimya-biologiya təmayüllü respublika liseyi, fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında davam etdirmək istəyən, hazırda 6, 7 və 8-ci siniflərdə təhsil alan 600-dək məktəbli iştirak edib.
Şagirdlərə ana dili, riyaziyyat, məntiq, fizika, biologiya, kimya fənləri üzrə suallar təqdim olunub.
Valideynlərə imtahanın gedişini müşahidə etmək imkanı yaradılıb. Eyni zamanda, onlara imtahan prosesi barədə ətraflı məlumatlar verilib.
İmtahanın keçirilməsinin məqsədi istedadlı şagirdlərin aşkar edilməsidir.
Lisey və gimnaziyalara növbəti şagird qəbulu imtahanının avqustda keçirilməsi planlaşdırılır.