İran generalı Qasim Süleymaninin öldürülməsi ABŞ və İran arasındakı gərginliyi son illərdəki ən pik nöqtəyə çatdırdı. İranın ABŞ-ın bu addımına qarşı cavabı necə olacaq və hansı variantlar mümkündür? Bu proseslər birbaşa hərbi müdaxilə ilə nəticələnə bilərmi?
Metbuat.az məsələ ilə bağlı siyasi analitik Fərrux Həsənovun şərhini öyrənib. Fərrux Həsənov bildirib ki, Qasim Süleymaninin rolu İran üçün çox böyük idi, ona görə də onun öldürülməsi iki ölkə arasında bu günədək yaşanan ən böyük gərginlik oldu:
"General Qasım Süleymaninin İraqda öldürülməsi ABŞ-İran gərginliyini ən pik həddə çatdırdı. Tərəflər bir-birini müxtəlif şəkillərdə hədələməkdədirlər. Lakin belə bir böhran ABŞ və İran arasında ilk dəfə yaşanmır. Tarixdən bizə məlumdur ki, 1979-cu ildə İranda Ayətullah Xomeyni hakimiyyətə gələndə, İran İslam Respublikası qurulduğu vaxtı da İranda xeyli sayda amerikalı diplomat əsir alındı. Tərəflər arasındakı qarşıdurma bununla bitmədi və ardınca bu dəfə Livanda gərginlik yaşandı. 1983-cü ildə Hizbullahın Livanda 243 ABŞ əsgərini öldürməsi Vaşinqton və Tehran arasında yaşanmış növbəti siyasi-hərbi böhran kimi tarixə düşdü. Bu mənada general Qasım Süleymaninin öldürülməsi hər iki ölkə arasında yaşanan ilk qarşıdurma deyil. Hələ buna qədər, ABŞ və İran Suriyada dəfələrlə üz-üzə gəliblər. Məlum olduğu kimi, hər iki ölkə fərqli mövqelərdə Suriya böhranında yer almaqdadırlar. Bütün bu toqquşmaların nəticəsi olaraq, Suriya münaqişəsi başladığı ilk tarixdən etibarən bu günə qədər 15-dən çox iranlı general Suriyada öldürülüb. Sual olunur, niyə heç birinin ölümü Qasım Süleymaninin ölümü qədər rezonans doğurmadı? Çünki Süleymani İranın Yaxın Şəqdə reallaşdırılan geosiyasi hədəflərinin ən başında gələn fiqur idi və şəxsən özü birbaşa bu planların icrasına nəzarət edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) regionla bağlı hesabatlarında Qasım Süleymaninin roluna özəlliklə diqqət çəkir".
Analitik İranın intiqam olaraq ata biləcəyi addımları şərh edərdən qeyd edib ki, müəyyən səbəblərdən İranın ciddi bir cavab verəcəyi real deyil:
"ABŞ-ın bu addımına cavab olaraq İran hansı adekvat addımı ata bilər sualına gəlincə isə, onu deyə bilərəm ki, hal-hazırda İranın maliyyə resursları ciddi addım atmağa imkan vermir. ABŞ-ın uzun zamandan bəri İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bir növ rəsmi Tehranın əl-qolunu bağlayıb. Bununla bərabər, İranın Suriyada ciddi iqtisadi resurslar sərf etməsi, böyük həcmdə maliyyənin sərfiyyatı İranı çətin duruma saldı. İranda son 2-3 ildə baş verən etiraz aksiyalarının mahiyyətinə diqqət etmək kifayət edir ki, İranın hazırkı vəziyyətini başa düşmək olsun. Bununla yanaşı, 2019-cu ildə İranda benzinin qiymətinin artırılması daxildəki latent ziddiyyətləri, sosial-iqtisadi çatları üzə çıxardı. Bütün bunları nəzərə alaraq, İranın Prezidenti Həsən Ruhaninin 2019-cu ildəki açıqlamalarından aydın sezilir ki, İranın iqtisadi durumu ürəkaçan deyil. Bunları nəzərə alaraq demək olar ki, İranın ABŞ-a qarşı hər hansısa bir ciddi cavabı real görnümür".
Fərrux Həsənov həmçinin deyib ki, İranın hərbi cavabı böyük ehtimalla üçüncü bir ölkənin ərazisində baş tutacaq:
"Adekvat cavab hansı şəkildə ola bilər? İran ilk addımı atdı artıq. Belə ki, İran 2015-ci ilin nüvə sazişi çərçivəsində nəzərdə tutulan heç bir məhdudiyyətə artıq əməl etməyəcəyini bəyan etdi. İranın verə biləcəyi ən real cavab İraqda ABŞ hərbiçilərinə və vətəndaşların hansısa bir formada hücumların təşkili ola bilər. Suriyada ABŞ hərbiçilərinə qarşı addımlar atıla bilər. Yəməndə və Liviyada də ABŞ maraqlarına əks fəaliyyət mümkündür. Bütün bunların fonunda kibermüharibə müstəvisində də İranın ABŞ-a qarşı hər hansısa bir formada kiberhücumlar təşkil etməsi mümkündür. Çünk İranın belə təcrübəsi var. Digər bir variant isə, ABŞ-ın düşmən münasibət sərgilədiyi Latın Amerikası ölkələri, Çin və digər bəzi ölkələrdə Vaşinqtonun maraqlarına zidd olaraq, İran əməkdaşlığı daha da dərinləşdirə bilər. Sadaladığım faktları yanaşı, Cənubi Amerikada Hizbullahın mövcudluğunu da utunmamalıyıq. Bu regionda da ABŞ-a qarşı qisas addımının atılması ehtimal oluna bilər".
Analitik İranın ABŞ-a hərbi müdaxiləsinin isə indiki vəziyyətdə mümkün olmadığını da əlavə edib:
"Birbaşa hərbi müdaxilə mümkün deyil. Birincisi, İranın hazırda belə bir iqtisadi-hərbi potensialı yoxdur. İkincisi, nə ABŞ, nə də İran birbaşa müharibə aparmağı düşünmür, yaxın gələcəkdə də bu o qədər da ağılabatan görünmür. Ümumilikdə, hər iki ölkənin açıq müharibəyə girmək kimi bir planı yoxdur. Yaxın Şərq regionunda ABŞ və İranın ayrı-ayrılıqda dəstəklədiyi silahlı qruplaşmalar şəklidə toqquşması ən real proqoz kimi görünməkdədir".
Cavidan Mirzəzadə / Metbuat.az