"Əsrin müqaviləsi" açıqlandı: nə olacaq, nə dəyişəcək? - TƏFƏRRÜATLAR

"Əsrin müqaviləsi" açıqlandı: nə olacaq, nə dəyişəcək? - TƏFƏRRÜATLAR
11:22 29 Yanvar 2020
139 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən ABŞ prezidenti Donald Tramp seçkiqabağı təbliğat dönəmindəki ən mühüm vədinin yerinə yetirilməsi üçün önəmli addım atdı. O, dünyanın ən çətin və ümidsiz münaqişələrindən biri sayılan İsrail-Fələstin konfliktini çözən sülhməramlı kimi tarixə düşmək niyyətindədir.

İsrailin baş naziri Binyamin Netanyahunun yanında durmuş Tramp "Əsrin müqaviləsi"nin təfərrüatlarından bəhs edərək söylədi ki, bu plan israillilərlə bahəm, fələstinlilərə də sərfəlidir.

"Bu gün İsrail sülhə doğru nəhəng addım atdı", - ABŞ-ın təkliflərini açıqlayan Donald Tramp bəyan etdi. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" bütün əvvəlki sülh təşəbbüslərindən fərqlənir və münaqişənin hər iki tərəfi üçün əlverişlidir.

Birləşmiş Ştatların prezidentinin çıxışı yarım saat davam edib, zalda toplaşan administrasiya mənsubları, konqresmenlər və senatorlar, habelə yəhudi diasporunun nümayəndələrinin alqışları ilə dəfələrlə kəsilib.

Trampın dediyinə görə, "israillilərlə fələstinliləri barışdırmaqdan çətin heç nə yoxdur": "Amma məni ona görə seçməyiblər ki, kiçik problemlərlə məşğul olum".

O daha sonra vurğulayıb ki, İsrailin baş naziri Binyamin Netanyahu və onun əsas siyasi opponenti, "Kahol-Lavan" mərkəzçi blokunun lideri Beni Qans da ABŞ-ın təkliflərini dəstəkləyiblər.

Bu sözləri Netanyahu da təsdiqləyib.

İsrailin baş nazirinin sözlərinə görə, ABŞ-ın təklifləri tammənalı və normal Fələstin dövlətinin yaradılması üçün bəlkə də son şansdır.

B.Netanyahu daha sonra Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omanın ABŞ-dakı səfirlərinə minnətdarlıq edib: "Onlar bizə çox kömək etdilər. Cəsarətli davranaraq bu gün buraya gəldikdərinə görə də onlara minnətdaram".

İsrailin sözügedən ərəb ölkələri ilə rəsmi diplomatik münasibətləri olmasa da, müxtəlif səviyyələrdə səfərlər və kontaktlar var.

"Əsrin müqaviləsi" ilə bağlı işlərin əvvəli nikbin idi. Tramp administrasiyası İsrailin baş naziri Binyamin Netanyahu ilə sıx əlaqələrdə idi. Fələstinlilər isə ümid edirdilər ki, Vaşinqtonda onların da dediklərinə qulaq asacaqlar.

Hələ 2017-ci ilin mayında Fələstin prezidenti Mahmud Abbas Ağ Evdə gülümsəyərək Trampın əlini sıxırdı. Lakin yarım il sonra vəziyyət kökündən dəyişdi.

ABŞ prezidenti sələflərinin etmək istəmədiklərini etdi - Konqres üzvlərinin hələ 1995-ci ildə imzaladıqları, ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi və bu minvalla Qüdsün İsrailin paytaxtı qismində tanınmasını nəzərdə tutan qanunu imzaladı.

Daha sonrası fələstinlilər üçün lap pis oldu.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East, UNRWA) maliyyələşdirilməsi dayandırıldı, Holan təpələri və İordan vadisi İsrail ərazisi sayıldı.

Donald Trampın aşkar İsrailpərəst mövqeləri onun üçün çox önəmli elektorata, yəni yəhudilərə və radikal xristian seçicilərə rəğbəti ilə bağlıdır.

Vaşinqton bəyan edir ki, 181 səhifəlik plan münaqişənin hər iki tərəfinə xeyirdir. Fəqət, plan daha çox İsrailin mövqelərinə sərf edir.

"Dünya güzəştlər tələb edir. Amma bu güzəştlər İsrailin təhlükəsizliyinə zərər vurmamalıdır və bu, Vaşinqtonun başlıca şərtidir", - Tramp deyib.

ABŞ prezidentinin çıxışı fələstinlilərin "etməli olduqları" şərtlərlə zəngin idi.

Ən başlıcası isə Tramp fələstinliləri ənənəvi tələblərinin gerçəkləşməsindən məhrum etdi. Plan fələstinli qaçqınların geri dönmələrini nəzərdə tutmur.

Plana görə, "fələstinli qaçqınların problemləri İsrail sərhədlərindən kənarda həll olunmalıdır".

1978-ci ildəki Kemp-Devid anlaşması və 1993-cü ildəki Oslo müqaviləsindəki çərçivələrin bəlirlədiyi regional düzən layihələrində olduğu kimi, "Əsrin müqaviləsi" planı "İki xalq üçün iki dövlət" prinsipinə əsaslanır.

Plana görə, Qüds İsrailin bölünməz paytaxtı elan olunur, İordan vadisinin əksər hissəsi İsrailin ərazisi sayılır. Müqəddəs məkanların idarə olunması isə İsrail və Fələstin tərəfindən birgə həyata keçiriləcək. Şərqi Qüds Fələstinin paytaxtı elan olunur, ABŞ-ın orada səfirliyi açılır. Söhbət İsrailin inşa etdiyi hasardan kənarda olan və Köhnə Şəhəri ehtiva etməyən ərazilərdən gedir.

Trampın dediyinə görə, fələstinlilər indi malik olduqları ərazilərdən iki dəfə artıq ərazilərə sahiblənəcəklər.

Bundan savayı, Fələstin bütünlüklə tərksilah olunacaq, onun hər hansı ölkə ilə hərbi ittifaq qurmaq imkanları olmayacaq. Fələstinlilər səmalarına və sərhəd məntəqələrinə nəzarət imkanlarına da malik olmayacaqlar.

Fələstinin ayrı-ayrılıqda olan əraziləri - İordan çayının Qərb sahili və Qəzza bölgəsi tunellə birləşməlidir. Qəzzaya indi nəzarət edən HƏMAS və "İslam cihadı" hərəkatları tərksilah olunmalı, Fələstin administrasiyasına tabe edilməlidir.

ABŞ-ın İsrailə tələbləri çox deyil.

Plana görə, İsrail İordan çayının Qərb sahilindəki qanunsuz, az sonra yeni qəsəbələrə çevriləcəkləri şübhə doğurmayan forpostlarını sökməli, yeni qəsəbələrin inşasını 4 il müddətinə dondurmalı və Fələstini müstəqil dövlət qismində tanımalıdır.

Planın ikinci hissəsi hələ ötən ilin iyununda açıqlanmış iqtisadi bölümdür. Söhbət İordan çayının Qərb sahilində, Qəzza bölgəsində, Misirdə, Livanda və İordaniyada təxminən 50 milyard dollarlıq layihələrdən gedir. Bu pullar İsrailin, fələstinlilərin və ərəb ölkələrinin razılığı ilə sərmayə qismində yatırıla bilər.

"Əsrin müqaviləsi"nin müəlliflərindən biri, Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin dediyinə görə, əsas xərcləri Fars Körfəzindəki ərəb monarxiyaları, Avropa və Asiya dövlətləri, habelə özəl investorlar çəkməlidir. Fəqət, planın siyasi hissəsinin açıqlanmasınadək heç bir potensial investor amerikalıların layihəsinə qatılmaq istəyini bəyan etməyib.

Donald Trampın sözlərinə görə, planın reallaşması Fələstində 1 milyon yeni iş yerinin yaradılmasına, yoxsulluq səviyyəsinin 2 dəfə aşağı düşməsinə və ÜDM-in 3 dəfə artmasına səbəb ola bilər.

O, planın reallaşmasına ABŞ-ın 4 il vaxt ayırdığını bəyan edib. Bu isə noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə hesablanmış məsələdir. Yəni Tramp işarə vurur ki, ikinci dəfə prezident seçilərsə, plan reallaşacaq.

Onun fikrincə, fələstinlilər indi etiraz etsələr də, sonradan planla razılaşacaqlar: "Onlar indi istəməsələr də, sonradan razılaşacaqlar. Çünki onlar üçün çox yaxşıdır. Bir çox ərəb ölkələri də planı böyuk start hesab edir, bizimlə razılaşırlar".

Avi Berkovits, Devid Fridman, Ceyson Qrinblatt, Cared Kuşner və Maykl Pompeo - planın əsas müəlliflərinin İsrailə "əlahiddə" doğmalığı var.

Planın iki əsas gözəlliyi: fələstinlilər bütün içməli su mənbələrindən və ərazilərinin 60 faizindən məhrum edilirlər.

Əl Əqsa məscidinə İordaniya nəzarət edəcək. Tramp çıxıış zamanı bu məscidi "al Akva" adlandırdı.

ABŞ və İsrail fələstinlilərə İsrail torpaqlarının içində, hər tərəfi İsrail olan 15-20 kvazi anklvada, guya "müstəqil" ərazilərdə yaşamağı təklif edirlər.

Fələstinlilər HƏMAS, "Hizbullah" və "İslam Cihadı"nı tərksilah etməklə yanaşı, İsrailə qarşı beynəlxalq arenada bütün iddialardan əl çəkməlidirlər. Haaqa Tribunalındakı iddialardan da.

Fələstinlilər İsraili yəhudi dövləti kimi, bu dövlətin sərhədlərini, ən başlıcası isə Qüdsü İsrailin paytaxtı kimi tanımalıdırlar.

Habelə fələstinli qaçqınlardan İsrail ərazisinə qayıtmaqdan vaz keçmək tələb olunur.

İsrail bu planı birtərəfli olaraq həyata keçirməyə başlayacaq. Tələsiklik ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlıdır.

Fələstin prezidenti Mahmud Abbas plana münasibətini açıqlayıb: "Bütün ərəb ölkələrinin mövqeləri sadə və konkretdir: fələstinlilərin qəbul etdiklərini onlar bəyənir, fələstinlilərin qəbul etmədiklərini onlar rədd edirlər". Fələstin-İsrail münaqişəsinin nizamlanmasında indiyədək əsas sayılmış prinsiplərdən ərəb ölkələrinin imtina edəcəkləri də ağlabatan deyil. Həmin prinsiplərə görə, İsrail 1967-ci il savaşından əvvəlki sərhədlərə qayıtmalı, yəni İordan çayının Qərb sahilindəki qəsəbələrin əksəriyyətindən imtina etməli, Qüdsün şərqini Fələstinin paytaxtı elan etməli və fələstinli qaçqınların geri dönmələrinə şərait yaratmalıdır.

Fələstində planla bağlı "Hiddət günləri" elan olunub. Qəzza bölgəsində etirazlar başlanıb. HƏMAS ABŞ-ın planını "əsrin xəyanəti" və 1948-ci ildə İsrailin yaradılması ilə bağlı hadisələrə bərabər fəlakət elan edib.

HƏMAS-ın yaydığı bəyanat da deyilir: "Bu plan yazıldığı mürəkkəb dəyərində deyil".

Fələstin prezidenti Mahmud Abbas da HƏMAS-ı dəstəkləyir. Son illərdə ilk dəfə olaraq o, dünən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Xaniyə ilə telefonla danışaraq "bütün anlaşılmazlıqları bir kənara qoyaraq Fələstini məhv etməyə çalışanlara birgə müqavimət göstərməyə" çağırıb: "Mövqeyimiz aydındır: "Əsrin müqaviləsi"ni rədd edirik və ona var gücümüzlə müqavimət göstərəcəyik".

Bəs yaxşı, fələstinlilərin ABŞ-la əməkdaşlıqdan imtinadan savayı hansısa təsir imkanları varmı?

Fələstindəki bütün etiraz aksiyaları indiyədək yeni qurbanlardan savayı heç nə verməyib. Təhlükəsizlik məsələlərində İsraillə əməkdaşlığı dayandırmaq və 1993-cü ildə imzalanmış Oslo anlaşmasından imtina etmək də Mahmud Abbasın marağında deyil. Çünki Fələstin administrasiyasının legitimliyi məhz həmin anlaşmaya əsasən müəyyənləşib.

"Əsrin müqaviləsi"ni reallaşdırmaq üçün İsrailin razılığı yetərli deyil: dünya birliyinin də dəstəyi gərəkdir.

Region ölkələrinin mövqeləri şənbə günü, Ərəb Ölkələri Liqasının təcili toplantısında bəlli olacaq.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR