[ 21 May 2015 14:31 ]


Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Elşad Həmidov Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, xəstəxana xaricdən polis, daxildən isə sanitarlar tərəfindən mühafizə olunur: “Hazırda xəstəxanada 184 nəfər məhkum xəstə var. Onların 30-40 faizi ağır cinayət törədib. Son zamanlar xəstəxanada ölüm hadisəsi, oradan qaçan olmayıb. Xəstələrlə təklikdə görüşdük. Onlara qarşı münasibətdən bizə şikayət edən olmadı. Xəstələr gündə üç dəfə yeməklə təmin olunurlar, Səhiyyə Nazirliyi tərəfindən dərman preparatları verilir”.

E. Behbudov Məhkəmə - Psixiatriya Ekspertizasında da monitorinq keçirdiklərini deyib. Bildirib ki, hazırda orada 11 nəfər saxlanılır: “Əvvəllər orada şərait yaxşı deyildi. Hazırda təmir olunub və standartlara cavab verir. Orada məhkumlar 21 gün saxlanılır və ekspertizadan keçirilir. Monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib”.