Bakı, 21 may, AZƏRTAC
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gəlmiş Şri-Lankanın mədəniyyət naziri Nandimitra Ekanayake Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və Şri-Lankanın mədəniyyət naziri bir sıra yaradıcılıq məsələləri barədə fikir mübadiləsi aparıblar. Tərəflər qarşılıqlı əməkdaşlıq, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələləri müzakirə ediblər.
Xatırladaq ki, teatrın yaradıcı heyəti 2013-cü ilin martın 26-dan aprelin 4-dək Şri–Lankada keçirilmiş Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSİTEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş festivalda Gənc Tamaşaçılar Teatrı P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunub.
Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetində keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov “Azərbaycan milli dünyəvi peşəkar teatrı – 140” və “Azərbaycan teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış edib.
Görüş zamanı Şri-Lanka naziri teatrın kollektivini gələn il keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalına dəvət edib. Qonaq teatrın səhnəsində Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşasını da izləyib.
Şri-Lankanın mədəniyyət naziri Gənc Tamaşaçılar Teatrında olub