Gürcüstan azərbaycanlılarına şad xəbər

Gürcüstan azərbaycanlılarına şad xəbər
14:32 17 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Soydaşlarımıza Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması üçün Milli Məclisə təkliflər veriləcək
Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması təklifi ilə çıxış edib. Bildirib ki, bununla bağlı Azərbaycan Parlamentinin yaz sessiyasında konkret təklif irəli sürəcək. F.Quliyev əcnəbi vətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərqin qoyulmasını zəruri sayaraq hesab edir ki, bu, ya “Vətəndaşlıq haqqında” Qanuna dəyişiklik kimi, yaxud da ayrıca Qanun kimi qəbul oluna bilər: “Bilirsiniz ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni, yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar olsun”.

Bununla bağlı Gürcüstanda yaşayan soydaşlarımızdan müraciətlərin daxil olduğunu deyən millət vəkili bildirib ki, bu imtiyazlar ikili vətəndaşlığı əhatə edəcək çərçivədə olmalıdır. Partiya sədrinin sözlərinə görə, Gürcüstan vətəndaşı olan çox sayda soydaşımız Azərbaycana gəlib, burada işlədiyindən, belə bir güzəşti etməklə onlara xeyli kömək etmiş olarıq.

Sözügedən təkliflə bağlı “Kaspi”yə açıqlama verən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov deyib ki, Gürcüstan azərbaycanlılarının miqrasiya problemi ilə bağlı zaman-zaman yaranan məsələlər və anlaşılmazlıqlar son illər hər iki ölkə ictimaiyyətinin diqqətindədir. O, bu problemin dövlət qurumlarında, eləcə də parlamentdə dəfələrlə müzakirə olunduğunu, bununla bağlı təkliflər irəli sürüldüyünü qeyd edib. Bunun davamı olaraq, azərbaycanlı millət vəkili tərəfindən belə bir məsələnin Milli Məclis səviyyəsində təkrar gündəmə gətirilməsini müsbət qiymətləndirib:

“İlk öncə bu problemin yaranma səbəblərini araşdırmaq lazımdır. Bu gün dəqiq statistik göstəricilər olmasa da, qeyd edə bilərik ki, Azərbaycanda yaşayan Gürcüstan əsilli azərbaycanlıların sayı on minlərlədir. Bu isə onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanla bağlılığı daha dərin köklərə malikdir. Gürcüstanda iqtisadi çətinliklər azərbaycanlıların qonşu ölkələrə, o cümlədən Azərbaycana iş dalınca üz tutması halları da reallıqdır. Çoxsaylı soydaşımızın Azərbaycana gediş-gəlişinə müəyyən maneələr yaranır. Bunları tənzimləmək üçün müxtəlif ölkələrin təcrübəsindən yararlanmaq olar. Məsələn, Gürcüstanda 2012-ci ildə “Xaricdə yaşayan həmvətənlər və diaspor təşkilatları haqqında” qanun qəbul edilib. Qanuna əsasən, Gürcüstan əsilli insanlara soydaş statusu verilir. Onlara verilən imtiyazlar və güzəştlər həmin qanunda öz əksini tapıb. 2002-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul olunan “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun”un 4.4-cü maddəsində isə qeyd edilib ki, Azərbaycan Konstitusiyasının 69-cu maddəsinin I hissəsinə uyğun olaraq, digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılar Azərbaycan ərazisində olarkən, qanunla və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Düşünürəm ki, Milli Məclisdə nəzərdə tutulan müzakirələrdə həm mövcud təcrübələr, həm də tövsiyələr diqqət mərkəzində olacaqdır”.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sözügedən məsələyə münasibət bildirərkən bütün hallarda mütərəqqi təkliflərin dəstəklənməsini vacib sayıb. Bununla yanaşı, o, bu təşəbbüsün yeni olmadığını da diqqətə çatdırıb. Deyib ki, Miqrasiya Məcəlləsi qəbul olunan zamanlardan “Borçalı” Cəmiyyəti soydaşlarımızın və dünyaya səpələnmiş 50 milyon Azərbaycan türkünün milli dövlətimizlə münasibətini tənzimləyən “Soydaşlar haqqında” qanun layihəsi ilə çıxış edib, bunu ictimai müzakirəyə çıxarıb: “Anklav olaraq yalnız Borçalı türkləri ilə bağlı qərar qəbul olunması əlavə problemlər yarada bilər. Dərbənd və Güney Azərbaycan türkləri də Azərbaycanla həmsərhəddə yerləşir. Elə qanuni baza yaratmaq lazımdır ki, bundan bütün dünya azərbaycanlıları bəhrələnə bilsin. Borçalı türklərinin Azərbaycana maneəsiz giriş-çıxışını, əmək bazarında hərəkətini, istehsal etdikləri məhsulların Azərbaycan bazarına güzəştlərlə daxil olmasını, mülkiyyət hüququnu tanıyan hüquqi baza yaradılmalıdır. Eyni zamanda milli dövlət olaraq ikili vətəndaşlıq məsələsi də rəsmi müzakirə müstəvisinə daxil ola bilər. Təklif etdiyimiz “Soydaşlar haqqında” qanun layihəsinin əsas tezisinə görə, Azərbaycanla bağlılığı təsdiqini tapmış əcnəbi soydaşlarımıza müvafiq konsul idarələrində soydaş statusu verilir. Bu da digər hüquqi məsələlərin həllinin açarıdır. Fərəc bəyin yenidən soydaşlarımız məsələsini gündəmə daşıma cəhdini isə müsbət dəyərləndirirəm. Məmnunluqla hazırladığımız layihəni də təqdim edə bilərik. Digər millət vəkillərinin də bu prosesə dəstək vermələri də işin xeyrinə olardı. Soydaşlarımızın miqrasiya, vətəndaşlıq vəziyyətləri ilə bağlı da ciddi problemləri var. Soydaşların statusunun tanınması digər problemlərin də həll olunmasına şərait yaradacağını düşünürəm. Ölkəmizdə bu hüquqdan yararlanmayanlar öz rahatlıqlarını başqa dövlətlərə miqrasiyada görürlər ki, bu da demoqrafik vəziyyətin milli maraqlarımıza uyğun olmayan səmtə yön almasına səbəb olur. Bunu hər kəsin nəzərə alması vacibdir”.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR