Masallı, 22 may, AZƏRTAC
Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, mayın 9-da startı verilən birincilikdə 16 komanda qələbə uğrunda mübarizə aparıb.
Yarışmanın final mərhələsi mayın 21-də Ərkivan qəsəbə stadionunda keçirilib.
Bütün oyunları müvəffəqiyyətlə başa vuran Ərkivan qəsəbəsinin “Qala-95” və “Ərkivan-Sport”, Binə Xocavar kəndinin “Binə Xocavar” və Bədirli kəndinin “Bədirli” komandası final mərhələsində mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final oyunlarında “Qala-95”, “Ərkivan-Sport”, “Binə Xocavar” və “Bədirli” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.