Deputatdan qadınların aksiyasına münasibət: Səmimi tələbləri lağlağı ilə qarşılanacaq

Deputatdan qadınların aksiyasına münasibət: Səmimi tələbləri lağlağı ilə qarşılanacaq
12:38 9 Mart 2020
97 Digər
Ölkə mətbuatı
A- A+

Qadın azadlığı mövzusu müasir dünyamızda aktualdır. Bu azadlığın boğulduğu əsas məkan Şərq ölkələridir. Lakin Azərbaycan dünyəvi dövlət olduğu üçün hüquqi baxımdan qadınları diskriminasiyaya məruz qoyan hansısa məqam yoxdur. Adət-ənənə, günlük yaşam, sosial şərtlər içində qadını şəxsiyyət olaraq formalaşmağa qoymayan xeyli hallar mövcuddur. Bu səbəbdən də qadın haqlarının gündəmə gətirilməsi zəruridir. Ancaq qadın haqlarını seksual azadlıqlarını təmin etmək üçün hər cür sərbəstliyi tələb etmə çərçivəsində göstərmək təhlükəli durum yarada bilər.

Publika.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa dünən bir qrup qadının Bakıda “qadına azadlıq şüarı” ilə keçirdiyi aksiyaya münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, bu, gerçək qadın haqlarını tələb edənlərin səmimi tələblərinin lağlağı ilə qarşılanmasına səbəb olacaq, qadının aşağılanması, zorakılığa məruz qalması, təhsilsiz qalması, erkən yaşlarından ərə verilərək ailəiçi sosial bomja çevrilməsi, iqtisadi azadlığının məhdudlaşdırılması, vərəsəlik hüququnun yetərincə təmin olunmaması kimi məsələlər öz aktuallığını itirməyə başlayacaq:

“Fahişəliyi həyat tərzi olaraq seçmək hüququ bizdə məhdudlaşdırılmayıb, feminizmi bu tələb üzərindən təlqin edənlər bu gerçəyi özləri də anlayırlar. Hətta bir çox hallarda televiziyalarımızda da sənət formasında təbliğ olunan fahişəlik elementləri olur və seksual azlığın efirlərdən əxlaqi tövsiyələrini də cəmiyyət soyuqqanlı şəkildə dinləyə bilir. Lakin dövlət və cəmiyyət bu həyat tərzinin açıq təbliğatının qarşısına haqlı olaraq müəyyən sədlər çəkir. Çünki bu həyat tərzinə qarşı olan cəmiyyət çoxluğu var və ictimai mühitdə onların dəyərlərinə ziddiyyət təşkil edir. "Kimə istəsəm..." demək, "Qolumun zoru var və bu qol da mənimdir, kimi istəsəm döyərəm, söyərəm, öldürərəm!" deməkdən mahiyyətcə elə də fərqlənmir. Elə qadınlara zorakılıq tətbiq edən kişilər də belə deyirlər: "Arvad mənimdir, döyüb-öldürürəm!" Yaxud "Bacı mənimdir, öldürürəm!" "Qız mənimdir, oxutmuram!"

Bir şeyi unutmayaq ki, mütləq mənada "mənim olan" heç bir şey yoxdur. "Mənim olanın" həm də cəmiyyətlə, ailə ilə, çevrə ilə bağlı hissəsi var və bunsuz real həyatımızda hansı qarışıqlıqların yarana biləcəyini indidən təsəvvürə gətirmək mümkündür. Qısacası, Azərbaycan qadın haqları ilə bağlı ciddi məsələlər var bunun da böyük əksəriyyəti cəmiyyətimizdəki sağlam olmayan dünyagörüşdən, təhsilsizlikdən, iqtisadi çətinliklərdən yaranıb”, - deyə F.Mustafa bildirib.

Deputat bu kimi aksiyalarda qaldırılması zəruri olan şüarlar da təklif edib:

“Qadın hüquqlarının təmin olunması üçün yadıma sala bildiyim ən zəruri şüarları belə təklif edərdim:

- Qız övladının təhsil almasını əngəlləyən valideynlər cinayət məsuliyyətinə cəlb olunsun!

- Hamilə qadınları, uşaqları qətlə yetirənlər, kiçik yaşlı uşaqlara təcavüz edənlər axtalanmaq da daxil, ən sərt formada cəzalansınlar!

- Yetkinlik yaşına çatmayan qizlarını zorla ərə verən valideynlərə qarşı ictimai qınaq güclənsin!

- Yetkinlik yaşına çatmayan qızları narkomana çevirən şəxslərə qarşı cəzalar gücləndirilsin!

- İqtisadi çətinliyinə görə insan alveri qurbanına çevrilmiş qadınlar üçün normal maaşlı iş yerləri açılsın və bu cür sahibkarlara hər cür vergi güzəştləri tətbiq edilsin!

- Qulluq mövqeyindən, səlahiyyətindən istifadə edərək qadınlara qarşı zorakılıq tətbiq edən məmurlar cəzalandırılsın!

- Xaricdə təhsil alan savadlı qızların müəyyənləşdirilərək, təhsil haqları dövlət tərəfindən ödənilsin!

- İşləməyən analara inkişaf etməş ölkələrdə olduğu kimi təminatına yarayan səviyyədə analıq məzuniyyəti verilsin!

- Qadına ən böyük dəstək - önun böyütdüyü hər bir uşaq üçün yetərli müavinətin verilməsidir!..

Ardını əlbəttə gətirmək olar. Ancaq sağlam niyyətlə qadınlarımızın hüquqlarını qorumaq üçün... Yoxsa, "mənimdir, özüm bilərəm"lə deyil. Hər kəs "mənimdir!" deyibən öz olanını çölə çıxarmağa başlasa, bundan sonra kimsə evindən çölə çıxa bilməyəcək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/307237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR