Azərbaycan dünyanın xalça ticarəti mərkəzinə çevrilə bilər

“Xalçaçılığın inkişaf etdirilməsinin regionlarda məşğulluğun artırılmasında, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasında, itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti nəzərə alınaraq, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılır. Səhmdar cəmiyyətin istehsalı olan məhsulların “Azərbaycan xalçası” brendi kimi ixrac edilməsinə başlanılması milli xalçalarımızın tarixən bütün dünyada yayılmış şöhrətini özünə qaytarır. Bu, həm də dövlətimizin xalçaçılığa güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

İdarə heyətinin sədri bildirib ki,xalçaçılığın inkişafı, xalça istehsalı emalatxanalarının yaradılması minlərlə iş yerinin açılmasına, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 31 xalça istehsalı emalatxanası yaradıldıqdan sonra 4650 toxucunun işlə təmin edilməsi nəzərdə tutulub. İnzibati-təsərrüfat işçiləri ilə birlikdə xalça istehsalı emalatxanalarında 5053 nəfər çalışacaqdır. Yunəyirici-Boyaq Fabrikində, tədarük məntəqələrində, gələcəkdə yaradılması nəzərdə tutulan Emal Mərkəzində fəaliyyət göstərəcək işçilərə birlikdə bu sahədə 6 minə yaxın iş yerinin yaradılması planlaşdırılır. Bu, ölkəmizdə məşğulluq probleminin həllinə mühüm dəstəkdir.

Vidadi Muradov bildirib ki, ilkin mərhələdə 31 emalatxanada il ərzində 39 min 60 kvadratmetr xalça toxunması nəzərdə tutulub. İstehsal olunan məhsulun 70 faizinin xarici bazarda, 30 faizinin daxili bazarda satılması planlaşdırılır.

Təbii boyadan istifadə edilməklə istehsal olunacaq iplikdən ildə 5 min kvadratmetr xalça toxunacaqdır. Belə xalçalar dünya bazarında daha baha qiymətə satılır. Gələcəkdə hədəf belə xalçaların istehsalını 10 min kvadratmetrə çatdırmaqdır.

Bu il istifadəyə verilməsi nəzərdə tutulan Yunəyirici-boyaq fabrikində iki adda məhsul – yuyulmuş yun və boyanmış yun iplik istehsal olunacaqdır. Burada ikinövbəli iş rejimində ildə 3000 ton çirkli yun emal edilməsi mümkündür. Xarici bazarlara ildə 50 ton xalça ipliyi, 100 ton tekstil ipliyi, 600 tondan çox yuyulmuş yun ixracı planlaşdırılır.

“Azərxalça”nın qurulması prosesi başa çatdırıldıqdan sonra ilkin mərhələdə bu göstəricilərə nail olunacaqdır. Gələcəkdə səhmdar cəmiyyətin istehsalı və buna paralel olaraq gəlirləri daha da artacaqdır. Beləliklə, “Azərxalça” rentabelli işləyən müəssisəyə, xalçaçılıq isə ölkəmizə valyuta gətirən sənaye sahəsinə çevriləcəkdir.

“Bizim məqsədimiz ölkəmizi təkcə xalça istehsalı mərkəzinə deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir. Azərbaycanın xalça istehsal edən ölkələrlə xalça idxal edən ölkələr arasında ticarət körpüsü rolunu oynamaq üçün geniş potensialı vardır. Ölkəmizin Şərqlə Qərbin qovuşuğunda yerləşməsi, minillik xalçaçılıq ənənələrinin mövcudluğu, geniş xalçaçılıq şəbəkəsinin yaradılması Azərbaycanın dünyanın xalça ticarəti mərkəzinə çevrilməsinə imkan verir. Bütün bunların reallaşdırılması xalçaçılığın qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi, ölkəmizin inkişafına mühüm töhfələr verməsinə gətirib çıxaracaqdır”,-deyə Vidadi Muradov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR