FAO-nun baş direktoru Jose Qratsiano Da Silva artıq ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində də Bakıda böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi. Qonaq bildirib ki, rəhbərlik etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.
Jose Qratsiano Da Silva Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görüldüyünü bildirərək diplomu Mehriban Əliyevaya təqdim edib. Qonaq Leyla Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirib.



