Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının mayın 26-dan 29-dək Kazanda keçiriləcək II toplantısına qatılacaq. Şura sədri 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak edəcəyi tədbirdə qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərinə, türk dünyası mediasının mövcud dünya düzənindəki roluna dair məruzə edəcək.
Tədbirdə habelə dünyada söz və ifadə azadlığının vəziyyəti ilə bağlı hesabatlar açıqlanacaq, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin səfərbəredici missiyasına nəzər salınacaq. Səfər çərçivəsində Rusiya Federasiyası Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri ilə görüşlərin təşkili də nəzərdə tutulur.
Toplantı iştirakçıları təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet nümunələri əsasında hazırlanacaq media sərgisinə də qatılacaqlar.
Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Əskişəhərdə keçirilmişdi.
Toplantıda Əflatun Amaşovla yanaşı, Şuranın idarə heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də iştirak edəcək.