Prezident Administrasiyasının rəsmisi on il bundan əvvəl Məhkəmə-Hüquq Şurasının yaradılmasının ölkədə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olmaqla məhkəmə sisteminin inkişafına böyük töhfə verdiyini bildirib.
Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının öz fəaliyyətini ilk növbədə müstəqillik, qanunçuluq, şəffaflıq, yaxşı idarəçilik, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurduğunu və bunun nəticəsində cəmiyyətimizdə nüfuz qazandığını bildirib.
Fuad Ələsgərov deyib ki, Azərbaycan Prezidentinin Məhkəmə-Hüquq Şurasına göstərdiyi dəstək səmərəli və ədalətli məhkəmə sisteminin bu günün ən mühüm tələblərindən biri olması ilə bağlıdır: “Məhkəmələrin qəbul etdiyi qərarlar cəmiyyətimizin həyatının bir çox sahələrinə təsir göstərir. Bu baxımdan, hakim korpusunun formalaşmasında, hakimlərin yüksək peşə hazırlığının və intizamının təmin edilməsində əsas rol oynayan Məhkəmə-Hüquq Şurasının üzvləri üzərinə düşən böyük məsuliyyəti hiss etməli və vəzifələrinin icrasına prinsipial yanaşmalıdırlar”.
Prezident Administrasiyasının rəsmisi Məhkəmə-Hüquq Şurası üzvlərinin bu işin öhdəsindən layiqincə gələcəklərinə və Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyətlərində yeni nailiyyətlər əldə edəcəklərinə əminliyini vurğulayıb.