.

''Ermənistanın bu təxribatları törətməkdə məqsədi...''- Politoloqdan AÇIQLAMA

.

Təcavüzkar Ermənistanın silahlı qüvvələri Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçiblər.

Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib və tələfat verərək geri oturdulub.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Metbuat.az-a özəl müsahibəsində, iyul ayının 12-si günorta saatlarından etibarən Ermənistan ordusu hissələrinin Ermənistan ərazisindən Azərbaycan ərazilərini atəşə tutmasını bu ölkənin növbəti təxribatı kimi qiymətləndirib.

''Təbii ki, bu təxribatların törədilməsi ilə bir sıra məqsədlər güdülür. İlk növbədə xalqa rifah, inkişaf vədi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti bu vədlərin heç birini nəinki yerinə yetirə bilməyib, hətta ölkənin sosial və iqtisadi baxımından uçuruma doğru yuvarlanmasını daha da sürətləndirib. Bunun müqabilində Azərbaycan Respublikasının dünya siyasətində rolu artır, Azərbaycan beynəlxalq təşkilatlarda təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dəstəklənir. Azərbaycan Respublikası dünyanın geosiyasi gücləri ilə, eləcə də qonşu dövlətlərlə əlaqələrini gücləndirir.Belə bir vəziyyətdə Ermənistan həm daxili problemlərdən diqqəti yayındırmağa, həm də dezinformasiya yolu ilə Azərbaycanın nüfuzunu ləkələməyə çalışır.''

Politoloq Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribatın birmənalı olaraq onların təxribatçı arzularının əleyhinə işlədiyini bildirdi.

''Hadisə Ermənistanın təcavüzkar mahiyyətini bir daha açıb ortaya qoydu. Əvvəllər Ermənistan rəhbərliyi iddia edirdi ki, Azərbaycan Respublikası Qarabağdakı qondarma qurumla danışıqlar aparsın, əraziləri biz işğal etməmişik, dünyanı inandırmağa çalışırdı ki, bu guya “özmüqəddəratını təyinetmə”dir. Amma indi bütün dünya görür ki, Ermənistan digər ərazilərimizi də atəşə tutur, təxribatlar törədir. Ən maraqlısı isə odur ki, təxribatı törətdikdən dərhal sonra Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında qaçıb yenidən ATƏT-in Minsk qrupu həmsədrlərinin və KTMT-nin simasında Rusiyanın qucağına sığınmağa çalışır. Azərbaycan isə açıq siyasət yürürdür. Cənab Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının İclasınında təxribatın Ermənistan tərəfindən törədildiyini sübut edən kifayət qədər video-foto sənədlərin olduğunu qeyd etməsi Ermənistanı fakt qarşısında qoyur. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan Ordusunun keçirdiyi adekvat cavab tədbirləri Ermənistan ordusunun güclü olması ilə bağlı yardılan və daxili auditoriyaya hesablanmış mifləri darmadağın edir.''

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR