Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Milli Qurtuluş Hərəkatının böyük ideoloqu Məhəmməd Əmin Rəsulzadənin üç dildə "Biblioqrafiya"sı çap olunub.

ANS PRESS-in məlumatına görə, "Biblioqrafiya"da M.Ə.Rəsulzadənin 1179 əsərinin siyahısı verilib.

Kitabı nəşrə hazırlayan, redaktoru və giriş sözünün müəllifi, tarix elmləri doktoru, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublu AzadlıqRadiosuna deyib ki, bu nəşr Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 97-ci ildönümü ərəfəsində Rəsulzadənin ruhuna hədiyyədir: "Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Milli Qurtuluş Hərəkatımızın böyük ideoloqu M.Ə.Rəsulzadənin Azərbaycan, Türkiyə türkçəsi və rus dilində "Biblioqrafiyası"nın nəşri XX əsr tariximizin öyrənilməsinə ciddi töhfədir. Bundan əvvəl mənim Azərbaycan və rus dillərində "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" kitablarım çapdan çıxıb. Hazırda həmin ensiklopediya Türkiyədə nəşr edilib."

Onun sözlərinə görə, kitabın Azərbaycanın ən böyük bayramı günündə - mayın 28-də Ankarada böyük təqdimat mərasimi keçiriləcək. Çalışacağıq ki, bu ensiklopediya və "Biblioqrafiya"nı ingilis dilində də nəşr etdirək və geniş oxucu auditoriyasına çatdıraq."