Dünən gecədən etibarən ali məktəblərə sənəd verən abitruyentlərin nəticələri açıqlanıb. Təbii ki, uğurlu nəticə əldə edənlərlə yanaşı, məqsədinə nail olmayanlar da var. Son illərdə ali məktəbə girə bilməyən gəclərin intihara əl atdığının şahidi oluruq. Buna səbəb nə olur, valideynlər bunun qarşısını almaq üçün necə davranmalıdırlar?
Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənib. Saytımıza danışan psixoloq, "Ümumrusiya Psixoterapiya Liqası"nın həqiqi üzvü İlahə Dəmirbəy bildirib ki, valideynlər bu dönəmdə övladlarına dəstək olmalıdırlar, onları məcbur etməməlidilər:
"Uşaqlar bizim gözləntilərmizi daim doğrultmaq istəyirlər. Valideynlərin də belə gözləntilərinin, arzularının olması təbiidir. Lakin unutmamalıyıq ki, uşaqlar artıq öz qərarlarını verə biləcəkləri yaş dönəminə gəlirlər. Sonra uşaq seçdiyi o ixtisasla ömür boyu yaşamaq məcburiyyətindədir.Bəzən valideynlər özlərinin natamam duyğularını və həyata keçməmiş arzularını övladlarının həyata keçirməsini istəyirlər. Əgər bu gün valideyn övladını başqa ixtisası seçməyə məcbur edirsə, sabah o uşaq da natamamlıq kompleksindən əziyyət çəkəcək, yarımçıq qalmış arzuları olacaq. İcazə verməliyik uşaqlar öz sevdikləri ixtisasları seçsinlər.
İxtisas seçimində uğursuz nəticə əldə edən uşaq düşünür ki, özünü sübut edə bilmədi, elə başa düşür ki, bu həyatın son nöqtəsidir və ona edilən etimadı doğrultmadı. Belə düşüncələrin nəticəsində intihar hadisələri meydana gələ bilir. Valideynlər çox vaxt uşaqlara deyirlər ki, son ümidim sənsən, bütün qazancımı sənə sərf etmişəm və s. Elə bilirlər bu sözlər uşağa daha da stimul verir, lakin belə deyil. Valideynləri belə cümlələr istifadə etməməyə çağırıram. Əksinə uşağa bildirilməlidir ki, nə olursa olsun sənin yanındayam və seçiminə inanıram".
Məsələ ilə bağlı psixoloq Gülnar Orucova isə bildirdi ki, uşaqların intihara əl atmasının səbəbi sırf valideynlərin davranışı olur:
"Universitetə qəbul olmayan gənclərin intihar hadisələrini demək olar hər il görürük. Lakin illər öncə biz bunu görmürdük, son 3-5 ildə tez-tez bu intiharlarla rastlaşırıq. Bəzən valideynlər universitetə girməyi uşaqların gözündə o qədər böyüdür ki, uşaqlar universitetə girməməyin dünyanın sonu olduğunu düşünürlər. Düşünürlər ki, ali məktəbə girmək həyatda əsas məqsəddir və bu məqsədə çatmamaq da intihara səbəb olur".
"Valideynlər çox vaxt uşağa deyir ki, sənin üçün pul tökmüşəm, bunu etmişəm, onu etmişəm, sən ali məktəbə girməyə borclusan. Bəzən də şantaj edirlər ki, sən ali məktəbə girməsən gör atan nə edəcək. Bu gün valideynlər xüsusən diqqətli olmalıdır. Övladınızı təhqir etməyin, alçaltmayın və ona motivasiya verin. Universitetə girməmək dünyanın sonu deyil. Valideynlər hər bi halda övladlarının yanında olmalıdırlar. Əgər bunu etməsələr, uşaq depressiv vəziyyətə düşür və intihara əl atır".
Cavidan Mirzəzadə / Metbuat.az