Bakı, 27 may, AZƏRTAC
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı, Mərkəzi Bank və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Maliyyə savadlılığı” layihəsi çərçivəsində “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə birinci üç yerin qaliblərinə gündəlik dərs şəraitində istifadə oluna bilən elektron avadanlıqlar, fərqlənənlərə isə müxtəlif hədiyyələr verilib. Ümumilikdə, müsabiqəyə 91 layihə təqdim olunub, 19-u müsabiqə şərtlərinə cavab vermədiyi üçün qəbul edilməyib. Layihələr Mərkəzi Bank və Təhsil Naziriliyinin mütəxəssisləri, o cümlədən iqtisadçı və müəllimlərdən ibarət ekspert komissiyası tərəfindən 2 mərhələdə, müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilib.
Müsabiqənin məqsədi şagirdlərə pul yığımı və qənaətcillik mədəniyyətini daha dərindən aşılamaq, onların bu istiqamətdə müxtəlif təşəbbüslərini dəstəkləmək və şagirdlərin yaxşı nümunələri təbliğ etməsinə nail olmaqdır. Müsabiqə çərçivəsində şagirdlər mövzuya aid video roliklər çəkərək sosial şəbəkələrdə yerləşdiriblər.

