Yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Metbuat.az xəbər verir ki, TŞ-dan bu qərarın dizel yanacağından istifadənin ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə alındığı bildirildi.
Yanacağın qiymətinin qalxması zəruri tələbat məhsullarına xüsusilə də ərzağın qiymətinə təsirsiz ötüşmədi. Artıq bir neçə gündür mağazaların piştaxtalarında müəyyən ərzaq məhsullarının qiymətində artım nəzərə çarpır.
Məsələyə münasibət bildirən ekspert Turab Rzayev Metbuat.az-a açıqlamasında bildirdi ki, dizel və benzinin qiymətinin qalxması nəqliyyatda daşımaların xərcini artdığına görə, istehlak məhsullarından tutmuş tikinti mallarınadək bahalaşacaq.
''Xüsusilə ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaqdır. Çünki ola bilər ki, bizim üçün dizelin qiymətinin 50 qəpikdən 80 qəpikə qədər bahalaşması o qədər də narahatlıq yaratmasın amma əslində bu yanacağın qiymətinin 34 faizə qədər qalxması deməkdir. Azərbaycanda istehsal olunmuş dizel yanacağının minimum 25 faizi kənd təsərrüfatında istifadə olunur. İstifadə olunan texnikanın böyük əksəriyyətinin yanacağı dizeldir. Odur ki, qiymət artımı daha çox kənd təsərrüfatı sahəsində özünü hiss etdirəcəkdir''.
Turab Rzayev deyir ki, hazırda əkib-biçin dövrü olmadığı üçün yanacağın qiymətinin qalxması daha çox ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətində, təqribən 20 faizə qədər bahalaşma ilə göstərdi.
''Supermarketlərdən daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqim olunub. Yeni siyahıda donmuş məhsullar orta hesabla 15, yağlar 10, yuyucu vasitələr 20 faiz artırılıb''.
"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirdi ki, yanacağın qiymətinin artırılması qərarı orta hesabla hər bir vətəndaş üçün illik 47 manat, hər bir ev təsərüfatı üçün 150-200 manat arasında əlavə xərc yaradacaq.
''Qiymət artımları qaçılmazdır - bu məsələ zamanla əlaqədardır. İstehlak gücünün zəif olması xərcin qiymətə əlavə edilməsi imkanını zəiflətsə də, bazarın liberal olmaması və inhisarçılıq bu əsələdə dəstəkləyici funksiyanı yerinə yetirəcək. Əlbəttə ki, bu gün də daxil olmaq yanacaq xərclərinin artan hissəsinin mal və xidmətlərinin satışı qiymətlərinə transformasiyası başlayacaq.
Bu transformasiya gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulllarında ən sərt və sürətli şəkildə özünü büruzə verəcək. Digər, qismən az əhəmiyyətli və yaxud lüks kateqoriyalı məhsullarda isə daha gec bahalaşma ola bilər''.
Bu addımın ərzaq qiymətlərinə təsirinə gəlincə, ekspert bildirib ki, bu, ən asan şəkildə ərzaq qiymətlərində özünü göstərəcək:
"Çünki bunlar zəruri tələbat məhsullarıdır. Qiymət artımlarını sahibkarlar rahat şəkildə bazara diqtə edə bilirlər. Yanacaq tariflərinə edilmiş artımların ən sərt formada təzahürü məhz ərzaq məhsullarının qiymətində müşahidə ediləcək".
Gülbəniz Hüseynli / Metbuat.az