Doğum günündə şəhidlik məqamına ucalan Şuşa fatehi -

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhərmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də Əzizov Xəyyam Əli oğludur.

Metbuat.az xəbər verir ki, Şuşanın işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəman şəhidimiz doğum günündə şəhid olub.

Xəyyam Əzizov 1995-ci il noyabrın 8-də Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəsi gələcəkdə oğlunu həkim kimi görməyi arzulasa da Xəyyam hərb sənətini seçib.

Azərbaycan Ordusunun baş leytenantı olan Xəyyam Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyyam Əzizov noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralansa da, döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirib və noyabrın 8-də Şuşa döyüşləri zamanı 25 yaşında şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR