AZAL-dan ləğv edilən uçuşlarla bağlı

Çoxsaylı sorğuları nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı COVID-19 pandemiyası səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtləri barədə məlumat verir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, “AZAL” sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirmək təklif olunur. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

COVID-19 pandemiyası səbəbindən “Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər, tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

“Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR