14 mart 2021-ci il tarixində Azərbaycan Gənclik Platforması və ''Qarabağ Azərbaycandır'' platformasının birgə təşkilatçılığı ilə “Qarabağ İnkişaf Forumu – 2021” adlı onlayn tədbir keçirilib.
Bu barədə Metbuat.az-a açıqlamasında layihə rəhbərləri İlkin Namazlı bildirdi ki, 1000 nəfərin iştirakı ilə baş tutan tədbirə müxtəlif ölkələrdən nümayəndələr qoşulublar.
“Qarabağ Azərbaycandır” Platformasının həmtəsisçisi Şəbnəm Səfərova və Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı zəfər münasibətilə və bu yolda canını və qanını əsirgəməmiş şəhidlərimizi anaraq, qazilərimizə şəfa diləyərək tədbiri açıq elan etdi.
Tədbirdə ilk məruzəçi məhşur foto-jurnalist Reza Deghati çıxış edərək foto jurnalistikanın Azərbaycan həqiqətlərini tanıdılmasında önəmindən bəhs etdi.
Daha sonra millət vəkili Ceyhun Məmmədov çıxış edərək informasiya müharibəsinin günümüzdə də davam etdiyini və gənclərin bu yolda daha çox çalışmalı olduğunu bildirdi.
Tədbirdə həmçinin Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan CNN Türk kanalının müxbiri Fulya Öztürk də çıxış edərək müharibə zamanı dünya telekanallarının Azərbaycana qarşı haqsızlıqlarından, Azərbaycan və Türkiyə qardaşlığının daha da inkişaf etməsinin önəmindən bəhs etdi.
Qarabağ İnkişaf Forumunda Qarabağın uzun müddətli dövrdə perspektiv inkişaf istiqamətlərindən biri olan turizm sahəsində böyük təcrübəyə malik Azər Qərib çıxış edərək Qarabağın turizm potensialından və turizmin inkişaf yönündə ediləcəklərdən danışdı.
Daha sonra spiker və qonaqlar – siyasi şərhçi Əli Hacızadə, “Regional İnkişaf “ ictimai birliyinin əməkdaşı Elmin Xəlilov çıxış edərək Qarabağın inkişaf yolları, informasiya müharibəsində sosial medianın rolu və gələcəkdə sosial media dayaqlarının gücləndirilməsi, görüləcək işlərlə bağlı məlumatlar verdilər.
Qarabağ icmasının sədr müavini Gülməmməd Məmmədov Qarabağda Azərbaycan və erməni xalqlarının birgə yaşaması üçün görüləcək işlərdən, yenidən qarşıdurmaların yaşanmaması, Azərbaycan və erməni xalqlarının Qarabağda birgə yaşamaları üçün atılacaq addımlardan bəhs etdi.
Azərbaycan Gənclik Platforumunun rəhbəri Fariz Vəliyev iştirakçılara – Türkiyə səfirliyinin birinci müavini Barış Sayqına, YAP Yasamal və Kürdəmir rayon təşkilatlarının üzvlərinə, Gənclərin inkişaf və kariyera mərkəzinin Saatlı rayon rəhbərliyinə, televiziya və mətbuat nümayəndələrinə öz təşəkkürünü bildirdi.
Karabakh is Azerbaijan platformasının həmtəsisçisi İlkin Namazlı Norveçdə yaşayan ictimasi-siyasi fəal, “CAN” təşkilatının sədri Şərvin Nəcəfpura və İtaliyada fəaliyyət göstərən , diaspora fəalı, “Həmrəy olaq” təşkilatının sədri Türkan Həsənovaya dərin təşəkkürünü bildirdi.
Sonda Qarabağla bağlı sual-cavabla tədbir yekunlaşdırıldı. Suallara düzgün cavab verən gənclərə mükafatlar ayırıldı və iştirakçılara sertifikatlar təqdim edildi.
Gülbəniz Hüseynli / Metbuat.az