Qanunsuz evlərin sənədləşdirilməsi problemi nə vaxt öz həllini tapacaq?

Qanunsuz evlərin sənədləşdirilməsi problemi nə vaxt öz həllini tapacaq?
18:47 18 Yanvar 2015
438 Sosial
Ölkə mətbuatı
A- A+

Hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. Sonradan - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilən yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Nəhayət, İlham Əliyev 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranan daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı.
 
Kəpəz TV-nin (Region TV) xəbər verirki, sənəd, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. Qaydalar, əsasən, reyestrə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini, məlumatların reyestrə təqdim edilməsini, məlumatların reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini, məhdudiyyət və qadağaların qeydiyyatını müəyyən edir. Reyestrin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir.
 
Vüqar Bayramlı,iqtisadi ekspert: "Ölkə prezidentinin fərmanı sadəcə Bakı şəhərini yox, respublikanın bütün ərazisini əhatə edir. Fərman regionlarda inşa edilmiş qeydiyyatsız və sənədsiz evlərin rəsmiləşdirilməsini həyata keçirəcək. Prezidentin son fərmanında qeyd olunur ki, inşa edilmiş və ya istifadəyə verilmə müddəti 2004-cü ilin iyunun 29-dək olan əmlak, o cümlədən torpaq fərmanda qeyd edilən sənədlər təqdim edilməklə qeydiyyatdan keçə bilər”.
 
Qeydiyyat üçün sənədlər obyektin tikintisinə icazənin surəti, sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, situasiya planı və təyinatı barədə məlumatlardan ibarətdir. Fərmanın əhatə dairəsi və məqsədinə gəldikdə isə...
 
Vüqar Bayramlı: "Burda məqsəd təhlükəli zonada yerləşməyən, eyni zamanda əvvəlki dövrlərdə inşa edilən, amma kupça ilə, yəni sertifikatla təmin olunmamış mənzillərə, tikililərə, torpaq sahələrinə belə sənədlərin verilməsindən ibarətdir. Fərman təhlükəli zonalarda, yəni elektrik xətlərinin, qaz və neft borularının yaxınlığında inşa edilən evlərə aid deyil".
 
Qiymətləndirmələr göstərir ki, Azərbaycanda 600­ә yaxın sәnәdsiz bina, 400 mindәn artıq sәnәdsiz hәyәt evlәri, o cümlәdәn, 30 mindәn çox sәnәdsiz mәnzillәr var. Onların çoxu isə Bakı və Bakı ətrafı ərazilərdə yerləşir. Bu evlərin də təxminən 70 mini nisbətən təhlükəli zonalarda inşa edilib ki, fərman həmin evlərin sənədləşdirilməsini nəzərdə tutmur. Çünki həmin əmlakların istifadəsi böyük həyati təhlükə daşıyır.
 
Vüqar Bayramlı: "Mövcud qeydiyyatsız evlərin təxminən yarısının bütövlükdə sənədi yoxdur, 200 min evin isə müxtəlif dövlət qurumlarından sənədi var. O baxımdan güman olunur ki, Prezidentin son fərmanı 100 minə yaxın əmlakın qeydiyyata alınması və sənədlə təmin olunmasına imkan verəcək".
 
Fərmanda göstərilən sənədləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməklə əmlak sahibi öz əmlakını qeydiyyatdan keçirə bilər. Dövlət Reysteri haqqında qanuna əsasən tikinti ilə bağlı icazənin alınması üçün müddət - 3 ay təşkil edir. Bu müddət ərzində keçirilən monitorinq zamanı vətəndaşın əmlakı ilə bağlı hər hansı bir risk aşkar edilmirsə əmlak qeydiyyata alınır və dövlət reyestrinə əlavə edilir.
 
Fərman qeydiyyatsız evlər probleminin tez bir zamanda həllini hədəfləyir. Ekspertin də qeyd etdiyi kimi, sənəd 100 minə yaxın əmlakın qeydiyyata alınmasına imkan verəcəksə bu kifayət qədər ciddi və irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilməlidir.
 
Bildirək ki, Azərbaycan hökuməti tərəfindən təsdiqlənən “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən reyestrə təqdim edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR