“Taliban”la mübarizədə Türkiyə YARDIM ƏLİNİ uzadacaq -

“Əfqanıstanda baş verənlər digər dövlətlərə də təsir edir”.

Bu açıqlamanı Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. General bildirdi ki, hazırda ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra bu ölkədə onsuz da gərgin olan vəziyyət tamamilə nəzarətdən çıxıb. Bu baş verənlər isə İran, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistanı,həmçinin Rusiya və Çini narahat etməkdədir. Bəs bu narahatlığın səbəbi nədir?


“Səbəb odur ki, “Taliban”ın təkrarən Əfqanıstanda hakimiyyəti ələ keçirməsi bəzi ölkələrin, xüsusilə də Çinin nəzərdə tutduğu qlobal layihələrin taleyini sual altına qoyur. Regionda xaos və gərginlik hökm sürür. Bu neqativ ab-hava uzun müddət davam edəcəkdir. Əlbəttə bu baş verənlərlə mübarizə aparmaq tək bir dövlətin gücü ilə mümkün deyildir. Hesab edirəm ki, BMT vaxt itirmədən prosesə müdaxilə etməli, bölgədə sülhün əldə edilməsi üçün qətiyyətli qərarlar qəbul olunmalıdır”.

Bildiyimiz kimi son günlərdə Rusiya Tacikistan və Özbəkistanla birgə bölgədə hərbi təlimlər keçirdi. Bu məsələyə də toxunan Yücel Karauz vurğuladı ki, şübhəsiz bu təlimlər Əfqanıstanda yaranan son durumla bağlıdır. General xüsusilə vurğuladı ki, Türkiyə də bölgədə cərəyan edən prosesləri ciddi şəkildə izləməli və müvafiq addımlar atmalıdır.

“Nəzərinizə çatdırım ki, Müdafiə Naziri Hulusi Akarın Pakistana səfəri də bu məsələdən irəli gəldi. Çünki Pakistanın “Taliban” üzərində təsir gücü böyükdür. Məlumdur ki, Rusiya, Çin bir formada “Taliban”la danışıqlar aparır, eyni zamanda Türkiyə də Pakistan vasitəsilə taliblərlə danışıqlar aparıb, bu hücumlara son qoymağa çağıra bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR