Oyun əvəzinə troyan: Azərbaycanda tanınmış video oyunlar şəklində zərərli proqram yayan sxem aşkar edilib.
Metbuat.az xəbər verir ki, Kaspersky mütəxəssisləri dropper troyanının (başqa zərərli proqramları istifadəçinin kompyuter və ya smartfonuna ötürən zərərli proqram) yayılmasını həyata keçirən irimiqyaslı kampaniya aşkarlayıb. Bu zərərli proqramın əsas tapşırığı digər zərərli proqramları istifadəçidən xəbərsiz onun cihazına yükləməkdir. “Swarez” adlandırılan bu dropper 15 tanınmış oyunun formasında yayılıb. Həmin faylların yüklənməsi üçün cəhdlər şirkətin məhsullar tərəfindən Azərbaycan da daxil olmaqla, 45 ölkədə müəyyən edilib.
Təcavüzkarların yem kimi istifadə etdiyi oyunlar "Among US", "Control", "Grand Theft Auto V", "NBA 2K21", "PLAYERUNKNOWN BATTLEGROUNDS", "Rust", "The Sims 4", "Titanfall 2" və xüsusilə də Azərbaycanda məşhur olan "Minecraft", "Counter-Strike Global Offensive", "Fortnite", "FIFA 21", "Need for Speed Heat", "Battlefield 4" və "Battlefield V" oyunlarıdır.