Bu gün azərbaycanlı alim Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru olan Lütfi Zadənin vəfatından 4 il keçir.

Metbuat.az xəbər verir ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub. O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb. Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub.

Lütfi Zadə üçüncü sinifədək təhsilini Bakıda alıb. Sonra o, ailəsi ilə birgə Tehrana köçüb. 1942-ci ildə Tehran Universitetindən məzun olan Zadə bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə isə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq New York şəhərinə yerləşmişdi. O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.

Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.

Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsi isə 1973-cü ildə irəli sürülüb.

Akademik dairələrdə professor Lütfi Zadənin işi mübahisəli sayılır və hətta rişxəndə də tuş gəlirdi. Bu, qismən onun işinin başqa riyazi sahələri sorğu-suala çəkməsi və yeni nəzəriyyənin terminologiyası ilə bağlı idi.

Rəsmi araşdırmalara görə, Zadənin 1965-ci ildə nəşr etdiyi "qeyri-səlis çoxluq" nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş hava proqnozunadək müxtəlif sahələrdə istifadə olunub.

Lütfi Zadənin Stella və Norman adlı iki övladı var. Alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Qeyd edək ki, alimin öz vəsiyyətinə uyğun olaraq nəşi Azərbaycana gətirilib və birinci Fəxri Xiyabanda dəfn edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR