Neft torpağını zəbt etmək üçün “qazi” adından istifadə edən şəxs

Azərbaycanda müəyyən adlar, titullar var ki, cəmiyyətdə bir dəyər kimi qiymətləndirilir, ehtiram göstərilir. Məsələn qazilər, şəhid ailələri, müharibə əlillərinə əhali arasında böyük hörmət göstərilir, bu şəxslər dövlət tərəfindən də tam qayğı ilə əhatə olunub. Lakin bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışırlar. Onlar saxta sənədlər, yalan məlumatlar təqdim edərək qanunsuz əməllərinə göz yumulmasını tələb edirlər.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, növbəti belə fakt Xəzər rayonunda qeydə alınıb. Özünü qazi kimi təqdim edən Quliyev Rəşad Cavad oğlu neft ərazisini hasara alaraq zəbt etməyə çalışıb. Neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər tərəfindən ona qanunsuz tikinti işlərini dayandırmaqla bağlı dəfələrlə xəbərdarlıq edilib. Rəşad Quliyev isə hər dəfə “Mən bu torpaq uğrunda can qoymuşam, gedin soruşun Qarabağ qartalı Rəşad kimdir, sizə deyəcəklər. Heç kim gəlib buradan bir dənə də daş götürə bilməz”, – deyə mühafizəçiləri və Xəzər rayon polis idarəsinin əməkdaşlarını təhdid edib.

Ətrafda yaşayan sakinlərin dediyinə görə, əslində zəbt edilən torpaq sahəsini uzun müddətdir ki, Quliyev Amin Curiyyət oğlu ələ keçirməyə çalışır. Lakin həmin sahə neft ərazisi olduğuna görə tikinti işlərinə icazə verilmir. Rəşad Amini inandırıb ki, qazi adından istifadə edərək bir neçə yerdə ev tikib başa çatdırıb, onun evini də bu yolla tikdirə bilər. Bunun müqabilində isə Amindən müəyyən məbləğdə pul alıb.
1978-ci il təvəllüdlü Rəşad Quliyevin qazi olmasına gəlincə, sakinlər onun bu addan sadəcə pul qazanmaq üçün istifadə etdiyini bildiriblər. O hərbi xidmətdən dəfələrlə yayınıb, buna görə 2002-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Üstəlik Rəşad Quliyev 1998-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar və İmişli rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə də cinayət məsuliyyətinə cəlb edilib.

Görünən odur ki, Rəşad Quliyev Vətən, Bayraq, Qarabağ, Qazi kimi insanlar üçün həssas olan adlardan istifadə edərək pul qazanmaqla məşğuldur. Azərbaycan xalqının fəxri olan qazilərimizin adına ləkə salan bu cür “insanların” ifşa edilməsi hər birimizin borcudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR