Baş leytenant Səid Rəşidzadənin şəhid olmasından bir il ötür

Bu gün baş leytenant Səid Rəşidzadənin şəhid olmasından bir il ötür.

Metbuat.az xəbər verir ki, şəhid Səid Rəşidzadə Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsində qəhramancasına döyüşüb. Hadrut yaxınlığındakı strateji yüksəkliyə Azərbaycan bayrağını sancan zaman düşmən snayperindən açılan atəş nəticəsində həyatını itirib.

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunun Babı kəndində dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Füzuli rayon təşkilatının üzvləri Babı kəndində Səid Rəşidzadənin məzarını ziyarət ediblər. VHP Füzuli rayon təşkilatının sədr müavini Qurban Namazəliyev şəhid Səid Rəşidzadənin həyat və döyüş yolunda danışıb. Bildirib ki, Səid uşaqlıqdan hərbiçi olmağı arzu edirdi. Hərbiçi də oldu. Aprel döyüşlərində qəhramancasına döyüşüb. İkinci Qarabağ savaşı başlanan kimi döyüşə yollandı. Hadrut qəsəbəsinin, bir neçə kəndin azad olunmasında qəhramanlıqla döyüşüb. Vətən torpaqlarının azad olunması uğrunda canından keçdi. Qəhraman baş-leytenant Səid Rəşidzadə Hadrutda strateji yüksəkliyi azad edib, erməni separatçılarının bayrağının yerinə Azərbaycan bayrağını asarkən snayper atəşi ilə şəhid olub.

Qurban Namazəliyev bildirdi ki, Səidin atası Nofəl Qasımov Füzulunun icra başçısı olub. Döyüşən, vətən üçün mübarizə aparan bir icra başçı olub. 1993-cü ildə erməni hərbiçilərinin işğal etdiyi Füzuli rayonunun və digər torpaqlarımızın azadlığını arzulayan Nofəl bəyin arzusunu qəhrəman oğlu gerçəkləşdirdi.

Şəhidin məzarını ziyarət edənlər çıxışlarında bildirib ki, Səid döyüş yoldaşı general Polad Həşimovun qisasını almaq üçün müharibənin başlamısını gözləyirdi. Sentyabrın 27-də Vətən müharibə başlayanda Səid zabit kimi döyüşə getmək üçün müraciət etdi. Əvvəlcə ehtiyac olmadığını deyib, qəbul etmədilər. Amma Səid gözləmədi. Səid döyüş müddətində sinəsində bayraq gəzdirərmiş. Deyirmiş ki, hansı kəndi birinci azad etsələr, həmin bayrağı oraya sancacaqmış. Şişqaya yüksəkliyinin alınması üçün göstəriş gəlib. Səid olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki bayrağı Şişqaya yüksəkliyinə sancan zaman snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə Səidin adını yazıb, həmin yüksəkliyə sancıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR