Əhməd Cavadın güllələnməsindən 84 il ötdü

Bu gün dahi Azərbaycan şairi, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavadın anım günüdür.

Həyatı

Əhməd Cavad 1892-ci ilin 5 may tarixində Şəmkir rayonun Aşağı Seyfəli kəndində anadan olub. Şairin atası Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatıb. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşayıb. Ə.Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.

Məlumata görə, şairin atası Məmmədəli Axundzadə Gəncədə çovğuna düşür. O, bu çovğunda möhkəm soyuqlayır və az sonra rəhmətə gedir. Şairin anası Yaxşı xanım 1938-ci ildə dünyasını dəyişib.

Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənib. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən bilib. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə əvvəlki ərindən olan uşaqlarının yanına gedib. Şairin anası xalça sexində işə düzəlir və oğlu Cavadla burada yaşayır.

Əhməd Cavadın ögey qardaşları 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar. Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır.

Uzunmüddətli fəaliyyətləri arasında şairin hərbi həyatı da önəmli yer tutub. Belə ki, Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlayır. Əhməd Cavad həmin illərdə Balkan müharibəsinə qatılıb.

1914-cü ildə təkcə Türkiyəyə deyil, bütün türklüyə sevgisini sözlərə belə düzüb:

Çırpınırdın Qara dəniz

Baxıb Türkün bayrağına!

"Ah!..." deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına.

Poeziyası

O, yaradıcılığa 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edərək başlayıb. Vətənvərpərvərlik şairin yaradıcılığının əsasını təşkil edib. "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda yayımlanıb. Əhməd Cavad yaradıcılğına görə, həmişə təqiblərə və təhqirlərə məruz qalıb. Şair hər dəfə həbs edilərkən evi ciddi şəkildə axtarılmış, əsərləri çox güman ki, məhv edilib. O, həm romantik, həm də realist üslubda yazan incə duyğulu sənətkar olub. Şairin “Yazım gəl, baharım gəl”, “Səhər-səhər”, “Sevgi candan ayrılmaz”, “Yuxuma gəlmişdin”, “İmdad”, “Axşamlar” və s. şeirləri dediklərimizə əyani sübutdur. Qeyd edək ki şairin dili aydın, rəvan və oxunaqlıdır; xalq şeir dilinə çox yaxındır.

Əhməd Cavad ömrünün sonunadək qələmini yerə qoymayıb. Azərbaycan himninin sözlərinin müəllifi olan dahi şairimiz Vətənə olan sevgisini, məhəbbətini bir daha bu sözlərlə sübut edib:

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

1937-ci il...

Şair şeirlərinin Türkiyədə nəşri, Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlər və millətçi şeirlərinə görə təqib olunub. Stalinin "Böyük Təmizləmə"si nəticəsində, əksinqilabi və türkçülük ittihamı ilə həbs olunan şair, məhkəmənin qərarı ilə edama məhkum edilib. Əhməd Cavad 1937-ci ilin bu günündə güllələnərək öldürülüb.

Qeyd edək ki, onun həyat yoldaşı Şükriyyə xanım isə"Vətən xaininin ailə üzvü" olduğuna görə Qazaxıstana 8 il müddətində sürgün edilib.

1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə.Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş qərarda bildirib ki, şair işgəncə altında ölməyib. O, məhkəmə qərarından sonra güllələnib. Beləliklə, 1955-ci ildə şairə bəraət verilib.

Əhməd Cavadın son şəkli

Həyat yoldaşı Şükriyyə xanım


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR