Ermənistanda təxminən 7 il öncə öldürülmüş erməni kursantın valideyni onun övladının işi üzrə məhsuliyyətsiz davranılmasından şikayət edib.

Metbuat.az xəbər verir ki, 2015-ci il yanvarın 28-dən 29-na keçən gecə Vazgen Sarkisyan adına hərbi universitetdə öldürülmüş erməni kursant Haykaz Barseğyanın atası Arkadi Barseğyan bildirib ki, iş üzrə şahidləri qorxudularaq, təhdid edirlər ki, ifadələri dəyişsinlər. Barseğyan bildirib ki, bu barədə ötən gün keçirilən növbəti məhkəmə iclasında da məlumat verib. Qeyd edək ki, 2015-ci il 29 yanvar tarixində gecə saat 02:00-03:00 radələrində kursant Haykaz Barseğyan digər kursant yoldaşları tərəfindən qəddarcasına öldürülüb və cəsədi idman meydanındakı turnikdən asılmış vəziyyətdə tapılıb.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı ittiham irəli sürülüb. Rəsmi ittihama görə, onlar 29 yanvar 2015-ci il saat 02:00-03:00 radələrində Ermənistan müdafiə nazirliyinin Vazgen Sarkisyan adına hərbi institutun (24236 nömrəli hərbi hissə) 1-ci taborunun, 1-ci batareyasının 408 nömrəli yataq otağında xüsusi qəddarlıqla, yuxarıda adları qeyd olunan kursantlar tərəfindən xuliqanlıq motivləri əsasında kursant Haykaz Barseğyanı öldürüblər.

İş üzrə təqsirli bilinən 4 nəfərdən heç biri günahını etiraf etməyib. Müttəhimlərdən Norik Sahakyan isə ümumiyyətlə istintaqa ifadə verməkdən imtina edib. Təqsirkar hesab edilən şəxslər hərbi polisdə təzyiqlərə məruz qaldıqlarını və törətmədikləri cinayəti etiraf etməyə məcbur edildiklərini bildiriblər. Hazırda cinayət işi Xüsusi İstintaq Xidmətində araşdırılır. İş üzrə ittiham edilən və şübhəlilər hələ də yoxdur, ibtidai istintaq mərhələsi davam edir.