Qaydaları pozan şadlıq sarayı rəhbərləri cəzalandırıldı -

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Şah Əsəri” şadlıq sarayında təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonaq iştirak etməsi və bir neçə mərasim iştirakçısının COVID-19 pasportunun olmaması müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat, inzibatçısı isə 400 manat məbləğində cərimə olunub.

Bundan başqa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Düz Qırıqlı, İbrahimhacılı və Əyyublu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar ediblər.

Araşdırmalar zamanı məlum olub ki, hər üç ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən “Sərvət” şadlıq sarayında təşkil edilən toy mərasimində normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şadlıq sarayının inzibatçısı Ə.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə 4 000 manat cərimə olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR