Millət vəkili Fazil Mustafa: Əksəriyyət baş götürüb Bakıya gəlir -

Bəzi icra başçılarının yarıtmaz fəaliyyəti cəmiyyətin bütün təbəqələrini ciddi şəkildə narahat edir. Əksəriyyət vəziyyətdən çıxış yolu kimi icra hakimiyyətlərinin ləğv edilməsini və rayonların birləşdirilməsini göstərir.

Məsələyə münasibət bildirən parlamentin deputatı Fazil Mustafa Metbuat.az-a dedi ki, 14 iqtisadi rayonu iki dəfə çoxaldıb 28-ə yüksəltməklə rayonları ləğv edib yerinə quberniyalar, ya da iqtisadi rayonlar modelində yeni idarəetmə üsulu yarada bilərik. Millət vəkili deyir ki, bununla da idarəetmə sadələşəcəkdir.


“Bu məsələni mən Milli Məclisin yaxın zamanlarda keçirilən iclasında gündəmə gətirərək bildirdim ki, bu idarəçilik sistemi daha çevik və səmərəlidir. Geridə qalan təsərrüfat xarakterli bütün səlahiyyətləri bələdiyyələrə vermək olar. Bu həm yerlərdə bürokratik idarəetməni ortadan qaldıracaq və daha rahat, əlçatan bir idarəetmə üsulu olacaqdır, həm də iqtisadi inkişafa köməklik göstərəcəkdir”.

Fazil Mustafa xüsusilə vurğuladı ki, Bakıdakı əhalini rayonlara geri qaytarmaq lazımdır. Məhz ona görə də, insanların gedib orada real təsərrüfatla məşğul olmaları üçün sənayeləşmə məsələsinə də ciddi yanaşılmalıdır.

“Bölgələrdə əksər kənd rayonlarının altmış faizdən yuxarısında məşğulluq aqrar sektorda cəmlənib. Bu qədər məşğulluq aqrar sektorda olmamalıdır. Texnologiyanın inkişafı sayəsində aqrar sektorda məşğulluq azalacaqdır. Yerli sənayenin inkişafı baxımında daha çox sənayeləşmə və texnoloji inkişaf bu sahəyə istiqamətlənməlidir. Nəticədə iş imkanları da artacaqdır. Hələ də bu rayonlarda olmadığına görə, yerlərdə bu məşğulluq məsələsi də çözülmür. Ona görə də çox adam başını götürüb Bakı şəhərinə gəlir”.

Müsahibimiz onu da qeyd etdi ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi Emin Hüseynovun təyin olunması konseptual olaraq bu məsələnin həlli demək deyil. Bu, sadəcə fərdi qaydada bir bölgə üzrə düşünülən bir addımdır.

“Bu konsepsiya əvvəldən olsaydı və belə bir təyinat edilsəydi onda bunu əsaslandırmaq olardı. Elə bir konsepsiya hələki yoxdu. Amma mənim fikrimcə, olmalıdır və Qarabağ xüsusi rayonu ilə bağlı məsələlər də bura aid edilməlidir. Bu halda tamam fərqli bir idarəetmə modeli olar. Bunun üçün bir qədər konstitusiya dəyişikliyinə də ehtiyac var. Çünki bəzi maddələr var ki, orada yerlərdə icra səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı müvafiq qurumların fəaliyyəti, səlahiyyətləri də əks olunubdur. Bələdiyyənin səlahiyyətlərinə aid olan məhdudiyyətlərin ortadan qalxması üçün konstitutsiya islahatına getməyə ehtiyac var. Bu olarsa çevik bir idarəetməyə qovuşmaq mümkündür”,- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR