Prezidentin köməkçisi: “İnformasiya savaşında həqiqəti dünyaya çatdırdıq”

"Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta strateji kommunikasiyanın nə olduğunu dünyanın bilmədiyi dövrdə strateji kommunikasiya, dezinformasiya və yalan xəbərlərin ölkəmizə qarşı olduğunu gördük".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycan ilk günündən informasiya, hibrid və psixoloji savaşlarla üzləşdi: "Xüsusilə Qarabağ müharibəsi əsnasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji və hibrid savaşlarla müşahidə olunub. Dünyanın hələ dezinformasiyanı tam qavramadığı dövrdə Azərbaycan bunlarla üz-üzə qaldı. Biz o zaman - 1990-cı illərin əvvəllərində bu savaşa hazır deyildik. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal etdi. Bu işğalın terror, aqressiv separatizm, ayrı-seçkiliklə müşahidə olunduğu təqdirdə dünya Azərbaycanı qınayırdı. Ermənistanın Silahlı Qüvvələri tərəfindən insanlarımızın öldürüldüyü təqdirdə guya azərbaycanlıların erməniləri öldürdüyü irəli sürülürdü. Bunun nəticəsində erməni soyqırımı adı altında dünyada təbliğat aparılırdı. Bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı".

O qeyd edib ki, erməni lobbisinin dünya üzrə Azərbaycana qarşı apardığı bu siyasətin qarşısını yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə siyasət həyata keçirərək ala bilərdik: "Bu proseslər dünyanın susduğu, baş verənləri görmədiyi, duymaq istəmədiyi anda baş verdi. Bu problemlərin fonunda biz uzunvədli yola çıxdıq. Otuzillik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid şəkildə dünyaya çatdırılması idi. Düçünürəm ki, çətinliklərə baxmayaraq həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR