“Azərbaycan Dəmir Yolları” millət vəkilinin fikrinə etiraz etdi: "Bunun bizə heç bir aidiyyatı yoxdur"

“Azərbaycan Dəmir Yolları” millət vəkilinin fikrinə etiraz etdi: "Bunun bizə heç bir aidiyyatı yoxdur"
11:43 30 May 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend/

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli Məclisin mayın 29-da keçirilən iclasında millət vəkili Musa Quliyevin həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı fikirlərinə münasibətinə etiraz edib.

Qeyd edək ki, Sabir Rüstəmxanlının fikirlərinə münasibət bildirərkən Musa Quliyev bildirmişdi ki: “Sabir Rüstəmxanlının burada M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Ümumiyyətlə, Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa, Nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin.”

Bu fikirlərlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, hörmətli millət vəkili Musa Quliyevin fikirlərinə hörmətlə yanaşsaq da, bəzi dəqiqləşdirmələr aparmağa ehtiyac var:

“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li Sərəncamına əsasən, Azərbaycan Dəmir Yolunun balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Göoranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyatı üzrə şəhər və rayon icra hakimiyyətilərinin balansına verilməlidir”.

N.Əzməmmədov bildirib ki, bu Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib:

“Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilmişdir”.

N.Əzməmmədov vurğulayıb ki, hazırda Gəncədəki Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiri parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan “Azərbaycan Dəmir Yolları” QSC-yə heç bir aidiyyatı yoxdur. Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikiniti işlərini həyat keçirən təşkilatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2400586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR