Media reyestrinin aparılması qaydasının hazırlanmasına başlanılıb

Hazırda tərəfimizdən media reyestrinin aparılması qaydası hazırlanır və bu layihə tez bir zamanda aidiyyəti üzrə dövlət qurumları ilə razılaşdırıldıqdan sonra təsdiq edilməsi üçün təqdim olunacaq.

Metbuat.az xəbər verir ki, bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 8 fevral tarixli Fərmanında altı ay ərzində Media Reyestrinin yaradılması ilə bağlı tapşırıq nəzərdə tutulub.

“Qaydalar təsdiq olunduqdan sonra artıq texniki şərtlərin həll olunması və reyestrin İT həllərinin təmin edilməsi istiqamətində tərəfimizdən zəruri tədbirlər görüləcək. Düşünürük ki, altı ay ərzində biz bu reyestri yekunlaşdırmalıyıq”, - deyə Ə.İsmayılov bildirib.

O əlavə edib ki, Media Reyestrində həm media subyektlərimiz, həm də könüllülük əsasında jurnalistlərimiz qeydiyyata alına bilərlər.

“Yəni jurnalistlərimizin qeydiyyatı məcburi deyil, jurnalistlər öz iradələri əsasında həmin reyestrdə olub-olmamaları barədə qərar verirlər. Media subyektləri isə ümumiyyətlə qeydiyyata alınır. Həm audiovizual media subyektləri, həm onlayn, həm də çap media subyektləri qeydiyyata alınacaq. İnformasiya agentlikləri üçün də media reyestrində ayrıca bir bölmə nəzərdə tutulacaq.

Media Reyestrinin yaradılmasının məqsədi media sahəsində sistemli yanaşmanın tətbiqidir. Bu reyestr dünyada mövcud olan bildiriş xarakterli reyestirdir, media subyektinin özünü bəyanetmə mexanizmidir. Bu media reyestrinin formalaşması bizə imkan verəcək ki, media sahəsinin və jurnalistlərimizlə bağlı layihələrin həyata keçirilməsinin iqtisadi və hüquqi əsaslandırılmasını həyata keçirək”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR