Moskva Bəyannaməsi ölkəmizin maraqlarına tam cavab verir - ŞƏRH

Fevralın 23-də Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya dövlətinin başçısı Vladimir Putin gözlənilən Bəyannaməni imzaladılar. Rusiya və Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət Bəyannaməsi iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə köklənərək regional inkişafa stimul verəcək maddələrə əsaslanır.

Bu barədə Metbuat.az-a özəl açıqlama verən siyasi ekspert Elçin Mirzəbəyli bildirdi ki, hazırda cəmiyyətdə Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə barəsində yanaşmalar fərqlidir. Onlardan bəziləri ənənəvi “nüfuz müvəkkilləri”nin və düşərgəyə yenicə atılmış təxribatçı-dezinformatorların icra etdikləri missiyadan, bir qismi Rusiyaya qarşı bəslənilən əsaslı-əsassız emosional münasibətdən, müəyyən bir hissəsi isə məlumatsızlıqdan, bir az da “küyə getmək”dən qaynaqlanır. Müsahibimiz vurğuladı ki, əslində sənədin preamblua hissəsi öz-özlüyündə bütün suallara cavab verir.


- Azərbaycan və Rusiya ikitərəfli imzalanan Bəyannamə iki ölkənin maraqlarına hansı səviyyədə cavab verir? Bəzilərinin iddia etdiyi kimi "buxov" təsiri gözlənilirmi?

“Azərbaycan və Rusiya ikitərəfli imzalanan Bəyannaməyə hər iki xalqın maraqlarını tam şəkildə qarşılayan, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verə biləcək, münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıracaq sənəd kimi yanaşırlar. Yəni sənəddə söhbət qarşılıqlı hörmət və etimaddan, hərtərəfli və bərabərhüquqlu əməkdaşlıqdan gedir. Sənəddə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının, ATƏT-in konsesusla qəbul edilən müvafiq sənədlərinin, həmçinin beynəlxalq hüququn təməl prinsip və normalarına istinad edilməsi, beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyinin vurğulanması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini təşkil edən prioritetlərlə tamamilə üst-üstə düşür. Sözügedən Bəyannamə çərçivəsində inkişafı ilə bağlı müzakirə mövzusuna çevrilən və bəzən də əsassız şəkildə “narahatlıq doğuran” məqam kimi təqdim edilən bütün suallara cavab verilib. Eyni yanaşma, Bəyannamənin birinci müddəasında da yer alıb və burada qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Qənaətimə görə, həm birinci maddədə yer alan məqamlar, həm də ikinci maddədə hər iki ölkənin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdəcəklərinin vurğulanması, Bəyannamənin bəzilərinin iddia etdiyi kimi “buxov” funksiyasını yerinə yetirməyəcəyinə tam təminat verir”.


Tərəflər arasında imzalanan Bəyannamənin altıncı maddəsində qeyd olunur ki, tərəflər sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyətin yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

Elçin Mirzəbəyli qeyd etdi ki, bu yanaşma həm Azərbaycan, həm də Rusiya üçün qarşılıqlı münasibətlərin tənzimlənməsində prioritet təşkil edir və mahiyyət etibarilə ölkəmizin maraqlarına tam cavab verir.

Çünki həm 44 günlük müharibəyə qədərki dövrdə, həm də daha sonra, təhlükəsizlik maraqlarımıza cavab verməyən bir sıra addımların, o cümlədən Ermənistanın silahlandırılması və qarşılıqlı münasibətlərin mahiyyətinə uyğun gəlməyən bir şəkildə himayə edilməsinin şahidi olmuşuq. Bütün bunlar isə Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar doğurub.

- Bəyannamədə tərəflərin öhdəlikləri nədən ibarətdir?

“Bəyannamədə yer alan qarşılıqlı öhdəliklər isə, yeddinci maddədə qeyd olunduğu kimi, Azərbaycanın öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirə biləcəyi halların təkrarlanmayacağına təminat verməklə yanaşı, bir xüsusuda nəzərə çarpacaq anlaşılmazlıqlara Xarici İşlər nazirlikləri arasında yaranmış çevik məsləhətləşmə mexanizmləri vasitəsilə aydınlıq gətirilməsinə imkan yaradacaq. Bəyannamənin diqqət çəkən və daha çox müzakirə olunan məqamlarından biri də on birinci maddədə yer alıb. Burada qeyd olunur ki, hər iki ölkə öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar. Şübhəsiz ki, hər kəs bu maddəni, xüsusilə də “təşkilatlar və şəxslər”lə bağlı vurğulanan məqamları öz siyasi dünyagörüşündən və təmsil etdiyi maraqlar müstəvisindən dəyərləndirir. Azərbaycanın maraqlarından çıxış edənlər üçün bu yanaşmada, terror təşkilatları, qeyri-qanuni hərbi birləşmələr, ölkəmizin ərazi bütövlüyünə təhdid yaradan və yarada biləcək separatçı qruplar nəzərdə tutulur. Bu həm də o deməkdir ki, rəsmi Moskva, eyni zamanda hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında nəzərə çarpan separatçı meyllərin qarşısını da qətiyyətlə almalıdır. Qənaətimə görə, on birinci maddə Rusiya üçün də belə bir öhdəlik yaradır”.

Bəyannamənin 12, 13, 14 və 15-ci maddələrinin əsas istiqamətlərində yer alan hərbi-siyasi əməkdaşlıqla bağlı məqamlar, bundan öncə də iki ölkə arasında imzalanmış çoxsaylı sənədlərdə öz əksini tapıb. Yeni olan isə tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə biləcəkləri ilə bağlıdır. Siyasi şərhçi xatırlatdı ki, Azərbaycan üçün belə bir öhdəlik qardaş Türkiyə ilə imzalanmış “Şuşa Bəyannaməsi”ndə də nəzərdə tutulub və bu baxımdan, şərti olaraq “Moskva Bəyannaməsi” adlandıracağımız sənəddə yer alan qarşılıqlı hərbi yardımla bağlı fəaliyyət yalnız Şuşa Bəyannaməsinin prinsiplərinə zidd olmadığı təqdirdə həyata keçirilə bilər.

- Rusiya - Azərbaycan arasında imzalanan Bəyannamənin 25-ci maddəsinin yalnış yozulması ilə bağlı fikirlər var. Burada iqtisadi yoxsa siyasi maraqlara zərər vuracaq hansısa təhlükəli məqam varmı?

“Bəziləri 25-ci maddədə yer alan və tərəflər qarşısında iqtisadi sahədə müəyyən öhdəliklər yaradan istiqaməti, əsasən enerji layihələri ilə əlaqələndirməyə çalışırlar ki, bu da kökündən yanlışdır. Xatırladım ki, Rusiya şirkətləri uzun illərdir ki, Azərbaycanın enerji sektorunda fəaliyyət göstərirlər və bu istiqamətdə ölkələrimiz arasında sıx, genişmiqyaslı əməkdaşlıq mövcuddur. 2021-ci ilin nəticələrinə görə, Rusiya şirkətlərinin Azərbaycanın neft və qaz sektoruna yatırdıqları investisiyanın həcmi 4,9 milyard ABŞ dolları təşkil edir. Yalnız “LUKOYL” şirkətinin “Şahdəniz” layihəsində iştirakını, həmçinin Cənub-Qaz Dəhlizi layihəsində 10% paya sahib olduğunu nəzərə alsaq, haqqında söz açdığım iddaların tamamilə əsassız olduğunu müəyyənləşdirə bilərik. İqtisadi məsələlərdə müttəfiqlik münasibətlərinin inkişafına gəldikdə isə, Bəyannamənin birbaşa və dolayısıyla Azərbaycan biznesi üçün yaradacağı imkanları, mübaliğəli səslənsə də “nəhayətsiz” adlandıra bilərik. Çünki Rusiya, təkcə təbii ehtiyatlarına görə, 35%-lə dünyada birinci yeri tutur və bu ölkənin kəşf edilmiş təbii resurslarının ilkin dəyərinin 75,5 trillion ABŞ dolları olduğu bildirilir. Hesab edirəm ki, bu sahədə iqtisadçıların daha geniş və ətraflı araşdırmalar aparmasına, həmçinin ölkənin biznes strukturları ilə elmi-təqdiqat mərkəzlərinin yaxından əməkdaşlıq etmələrinə böyük ehtiyac var. Bəyannamənin verdiyi imkanlardan maksimum istifadə edilməsi üçün Rusiya bazarı dərindən öyrənilməli və təhlil edilməlidir”.

Millət vəkili Azər Badamov Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrinin tarixinə nəzər salaraq xatırlatdı ki, bu müddət ərzində Rusiya Azərbaycana bərabər hüquqlu tərəfdaş və suveren dövlət kimi hörmətlə yanaşıb.

Metbuat.az-a açıqlamasında deputat qeyd etdi ki, hər zaman Rusiya hər zaman Azərbaycan Ermənistan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh danışıqlar yolu ilə həll olunmasını dəstəklədiyini ifadə etmişdir. Hətta 44 günlük Vətən müharibəsi dövründə Ermənistan hərbi yardım üçün dəfələrlə müraciət etsə də, Rusiya bu ölkələrin daxili işidir deməklə kifayətlənərək açıq şəkildə birtərəfli mövqe nümayiş etdirmədi.


“Bu gün də Ermənistan - Azərbaycan arasında münasibətlərinin formalaşmasında və yerdə qalan məsələlərin danışıqlar yolu ilə həll olunmasında Rusiya əsas faktordur. Yola saldığımız dövrdə Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq və münasibətlərin inkişafına xidmət edən 300-dək sənəd imzalanmışdır. Prezidentlərin imzaladıqları müttəfiqlik haqqında “Moskva Bəyannaməsi”ndə bu illər ərzində imzalanmış sənədlərlə formalaşmış əməkdaşlıq mühitinin möhkəmləndirir və gələcək münasibətlərin genişlənməsinə yeni perspektivlər açır. Azərbaycan - Rusiya arasında imzalanan müttəfiqlik haqqında bəyannamə ciddi sənəddir. “Moskva Bəyannaməsi” 43 bənddən ibarət çox geniş sənəd olmaqla burada qonşuluq və dostluq münasibətlərin inkişafı üçün həyatımızın bütün sahələri üzrə əməkdaşlığı özündə ehtiva edən məsələlər öz əksini tapmışdır. Bu sənəd ölkələrimiz üçün böyük imtiyaz və məsuliyyətdir”.

- Şuşa və Moskva Bəyanamələrinin oxşar və fərqli cəhətləri barədə hansı fikirləri deyə bilərsiniz?

“Hər iki sənəd məzmun etibarı ilə bir-birinə oxşardır. “Şuşa Bəyannaməsi” Türkiyə ilə müttəfiqlik münasibətlərini özündə əks etdirir. Bu sənəd daha konkretdir. “Şuşa Bəyannaməsi”ndə Azərbaycana xarici hərbi müdaxilə baş verərsə Türkiyənin hərbi yardımı haqqında konkret razılığı özündə əks etdirir. “Moskva bəyannaməsi”ndə isə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını qeyd etməklə yanaşı təhlükəsizliyin təmin edilməsi üçün hərbi sahədə də əməkdaşlıqa yeni perspektivlər açır. Türkiyə qardaş ölkədir. Rusiya da uzun illərin tarixi köklərinə əsaslanan münasibətləri formalaşmış yaxın qonşu və dost ölkədir. Düşünürəm ki, hər iki sənəd prezident İlham Əliyevin böyük liderliyi sayəsində ərsəyə gəlmişdir və apardığımız balanslaşdırılmış xarici siyasətimizin təntənəsi hesab olunur”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR